MƏN RUH ADAMAM - yazdı Adil Cefakes
Ruhum kölgə salır üstümə göydən,
Başımın üstündə çətirlənibdi.
Səhra qumlağında ayaq izlərim,
Kədərli cümlətək sətirlənibdi.
Ruhumun cızdığı çevrədi yerim,
Çəpərə alınmış bölgəyəm, bala.
Baxma ki, görünür ayaq izlərim,
İşıqda yox olan kölgəyəm, bala.
Alıb toxunulmaz əmanət kimi,
Ruhum hey daşıyır məni özündə
Mən gözə görünən bir qaraltıyam,
Cismani varlığam bu yer üzündə.
Məni doğan vaxtı ruh doğub anam,
Nə adi adamam, nə şah adamam.
Götürüb arxamca daş atma bala,
Mən ruh adamıyam, mən ruh adamam.