Məmməd Qədir - Özümdən böyük

Ədəbiyyat 10:54 / 18.09.2025 Baxış sayı: 1679

 

Göz yaşım sığmır gözümə,

Göz yaşım gözümdən böyük.

Mən bu dərdin kiçiyiyəm,

Dərdlərim özümdən böyük.

 

Həsrətin hücum eylədi,

Əzdi, ovdu, qum eylədi,

Kotan çəkdi, şum eylədi,

Muğan, Mil düzündən böyük.

 

Məhəbbətin dili birdi,

Oxu birdi, mili birdi,

Bu həsrətin biri birdi,

Birisi yüzündən böyük.

 

Dərdi hardan tapır Allah,

Bezdim vallah, bıqdım vallah,

Açılıb qurtarmır sabah,

Gecəm gündüzümdən böyük.

 

Sənsiz dünya boşaldı ki,

Yaz ömrümü qış aldı ki,

Daha mənə nə qaldı ki,

Səbrdən, dözümdən böyük...