Məmməd Qədir: -  Gözünə döndüyüm

Ədəbiyyat 13:55 / 10.11.2025 Baxış sayı: 951

 

 

Sənsiz nəyə gərək can,

Al, gözünə döndüyüm.

Qəlbə düşüb xalından,

Xal, gözünə döndüyüm.

 

Ay üzün nur çırağım,

Şölə saçır yanağın,

Dilin şəkər,dodağın

Bal, gözünə döndüyüm.

 

Sürt əlini aynama,

Üz-gözümlə oynama,

Qollarını boynuma,

Sal, gözünə döndüyüm.

 

Mələkmisən, ya şeytan,

Gözəlliyin alır can,

Gəl asım qapınızdan,

Nal, gözünə döndüyüm.

 

Soldum yaraşığında,

Sönmüşəm işığında,

Qoymadın aşiqində,

Hal, gözünə döndüyüm.

 

Sevgi köküm, soyumdu,

Dastanımdı, boyumdu,

Dərdin mənim toyumdu,

Çal, gözünə döndüyüm...