Lilpar Cəmşidqızı - Qəzəl

Ədəbiyyat 09:44 / 01.09.2025 Baxış sayı: 2409

 

Nədən "vəfalı" yarım, mənimlə heç danışmır?

Bu bəstə boylu dilbər, hayandadır, soruşmur?

 

Məhəbbətin közündən od almayır mənimtək,

Alovlanan ocaqdan qor atmışam, alışmır.

 

Gəlib bəlalı hicran, hasar çəkib önümdən,

Baxır, keçir yanımdan, nədənsə səddi aşmır.

 

Xəzan görən bir ömrüm, baharı qışdır, Allah,

Bu qönçəsiz gülüstanda bülbülüm dolaşmır.

 

Verəydi bircə rəsmin, yaxamda gəzdirəydim,

Əgər dağılsa yer, göy bir ulduzum, barışmır.

 

Bir arzu, istəyim var, o sərvi boylu gəlsin,

Səbir kasamda yer var, dözüm gələndə daşmır.

 

Görən bilir vəfasız, durubdu yolda Lilpar?

Olubdu sanki heykəl, o yar gəlib görüşmür.