Könül Nuriyeva - Kişilər ağlayırmı?

Ədəbiyyat 19:24 / 17.09.2025 Baxış sayı: 2122

Kişilər ağlayırmı?

Uzun aylardan sonra,

bu gün ilk dəfə onu gördüm,

istədim qucaqlayam, sıxam bağrıma,

birdən yadıma düşdü, demişdi,- getsəm, çağırma.

Hava yağışlıydı, aylardan sentyabr,

o mənim həyatımdakı ən böyük səbr!

o mənim ağır həsrətim,

o hər gecə xəyalımla əlbir.

Çoxdan vermək istədiyim sualımı verdim:

-Ağladınmı, gözlərimin nuru, son ayrılıqda?

Axdımı gözlərindən yağışlar buludun qucağına?

Sildinmi əlinin arxasıyla üzündəki şehləri?

Dirigözlü açdınmı ayrılığın səhərini?

Baxdı üzümə,

kədərliydi gözləri,

ürəyimi yaman yandırdı sözləri:

-Yox, ağlamadım, gözəlim.

səndən sonra bilmirəm, hardadı ki, əllərim?!

Səni dənizə əmanət etdiyim gün

Hara, necə getdiyimi bilmədim,

həmin gün ürəyim doluydu, çox söz deyəcəkdim, demədim,

əvvəlcə, gedib bütün borclarımı ödədim,

sonra içdim səhərəcən,

güldüm-danışdım dostlarımla,

gördüm ki, yox! Daş bağlayıb sinəmin sol tərəfi,

qalmayıb dizlərimdə nə güc, nə təpərim.

Dostlara dedim ki:

-Mən əlayam, di sağ olun, mən tərpənim!

Gecə yarısı, açıq hava

mən,- yəni ayrılığa imza atmış kişi!

Onun bu dünyada qalmışdımı işi?!

Baxdım göyə, üz tutdum Allaha,

dedim ki,-indi onu çıxart qarşıma,

və bir daha işim nə çətinliyə düşsə, qurban olum, qarışma!

Gördüm ki, göy sakit,

Allah görünmür, deyəsən yatıb

məni eşitmir,

hər tərəfdə ölüm kimi sükut.

Ayy gözəlim, elə mən həmin gecə

bir bilsən, necənci dəfə və necə,

ağlamaqdan betər olmuşdum,

mən səndən ayrılan gün çoxdan ölmüşdüm…

Addımladım əlacsız,

hava da mehsiz, dumansız

ürəyim yüklü, dərd dolu, gümansız,

ağlaya bilmirdim, özümü sayırdım gah günahkar, gah günahsız.

Sonra çatdım evimə,

qaranlıq otaq,

ikimiz də ayrılığa ortaq,

Görəsən, hansımız olacaq vüsala ilk qonaq?

Kaş ki, bu gün olmazdı,

Kaş ki, yenə sevgi dolu səhərə oyanaq…

Saçların düşdü yadıma,

gözəlim, necə gözəl şeirlər yazırdın adıma,

daha ayrı düşdük,

sən oldun boynubükük səhra,

mən ağlamaq istəyib,

ağlaya bilməyən yarımada!