Könül Nuriyeva - BƏLKƏ...

YAZARLAR 12:01 / 05.09.2025 Baxış sayı: 2431

Bəlkə bu qədər naşükr olmaya insanlar ayrılanda?

Deyə ki,- çox sağ ol ki, şeirlərimə misra oldun. Sonra əlini sıxa onun, sakitcə baxa simasına.

Deyə ki, - nə yaxşı səni tanıdım, nə yaxşı ki, həyatımdan keçdin, nə yaxşı bir müddətlik qəlbimə köçdün. Sonra baxa gözlərinə, özünü axtara orda.

Deyə ki, - sən bir dənizdin, bir neçə il batdım dərinliyində. Sən sahildin, mənə gözləməyi öyrədən ilk adam olsun. Sən milyonlarla qum dənəsindən biri idin, fərqlənmək necə olur, ilk dəfə səndə gördüm. Sonra qucaqlayasan onu, bir dost kimi, müharibəyə yola saldığın qohumun kimi, tələbə yoldaşın kimi…

Bəlkə bu qədər acısözlü olmaya insanlar ayrılanda?

Deyə ki,- səninlə öyrəndim böyüməyi. Məsələn, bildim ki, hər düşündüyümü dilə gətirə bilmərəm, artıq uşaq deyiləm. Sonra bir hədiyyə verə ona. Deyə ki, gözəl günlərimizi unutma.

Bəlkə bu qədər şübhəçi olmaya insanlar birlikdə olanda?

Bəlkə bu qədər sevməyə bir- birini insanlar. Məsafə qoya, sərhəd qoya, qızıl orta yadlarına düşə…

Bəlkə bir- birini ilk dəfə görəndə, bir- birinə ilk xoş sözləri deyəndə, dənizi, sahili, qum dənələrini şahid tutalar?

Bəlkə onda qızarar simaları davranışlarından?