Klarnetdə ifa edir Hüseyn Məhəmmədoğlu!..

MƏDƏNİYYƏT 08:57 / 02.03.2024 Baxış sayı: 1487

 

Heç zaman həyatda rastlaşmamışıq, nə mən onu görmüşəm, nə də o, məni. Əgər ifasını dinləməsəydim, bəlkə də nəsə yaza bilməzdim. Axı sənətkarlarımızı qorumaq, onlara dəyər vermək insanlıq borcumuzdur. Martın 2-si ad günüdür, özü də sıradan bir ad günü yox, 40 yaşı tamam olur...

Deyir ki,- “Atam çox kasıb bir kişi idi. Dünyasını dəyişəndən sonra, elə vaxtlarımız olub ki, qardaşımla soğanı duza batırıb çörəklə nahar etmişik. Atamdan bizə miras, var-dövlət qalmasa da, mənə sənət verib getdi və bu sənət məni sıxıntılardan qurtardı. Haradan bileydim ki, illər ötəcək və mən məşhurlaşacağam. Kim idim ki? Ehtiyac içində böyüyən, küçələrdə atılıb-düşən adi bir uşaq...”

Onun bu etirafına kövrəlməmək olmur, xeyli sıxıntılar yaşayıb, çətinliklərdən keçib. Və həyatın sınaqları onu əsl insan kimi yetişdirib. Təvazökar, mehriban adamdır. Səmimiyyət varlığına hakim kəsilib. Sadə həyat tərzini, adamlardan fərqlənməməyi xoşlayır. İnsanlara, övladlarına qarşı çox həssasdır...

“Bilirəm ki, həyatdan nə vaxtsa gedəcəm. Mən olmayanda övladlarım əziyyət çəkməsinlər deyə, onların yaxşı yaşaması üçün hər şey etmişəm. Bu da mənə rahatlıq verir. Bu gün bacardığım qədər övladlarıma vaxt ayırıram. Onları çox sevirəm, bundan sonrakı həyatımı da onlar üçün yaşamağa hazıram. Uşaqların arxasında durmaq, sağlam övlad böyütmək lazımdır"- söyləyir.

Haqqında söhbət açdığım klarnet ustası Hüseyn Məhəmmədoğlu 1984-cü ildə Bakı şəhərində, musiqiçi ailəsində dünyaya gəlib. İlk musiqi dərslərini atası Məşədi Məhəmməd Hüseynovdan alıb. Orta təhsilini isə 63 saylı məktəbdə başa vurub. Eyni zamanda 1 saylı Uşaq İncəsənət Məktəbində musiqi təhsili alıb. Sonra dörd il Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində İnstrumental ifaçılıq ixtisasına yiyələnib. 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olaraq, "Estrada sənəti" ixtisası üzrə təhsilini davam etdirib. Üç övladı var...

Yaxşı adamdır, ürəyində kin-kudurətdən zərrəcə əlamət yoxdur. Heç kimin paxıllığını çəkmir. Artıq söz-söhbətdən, qalmaqaldan uzaqdır. Necə deyərlər, başını aşağı salıb öz işiylə məşğuldur...

1998-ci ildə "Qönçə 98" adlı musiqi müsabiqəsində iştirak edərək, müsabiqənin nəfəs alətləri üzrə laureatı olub. 2003-cü ildə müəllifi Nadir Əzimov olan "Əlvida Cəmilə" adlı kompozisiyasını ifa edərək, 2004-cü ildə eyniadlı "Əlvida Cəmilə" albomunu buraxıb. "Yenə tək", "Təkcə səni", öz bəstəsi olan "Ürəyimin səsi" kompozisiyaları ona populyarlıq qazandırıb. 2004-cü ildən solo karyerasına başlayıb və 2011-ci ildə "Nəfəs" adlı instrumental ansamblını yaradıb. Hal-hazırda ansamblı ilə birlikdə və solo ifalarla fəaliyyətini davam etdirməkdədir. Bir sıra kompozisiyaların bəstə müəllifidir...

Hələ çox cavandır. Qırx yaş nədir ki? Kamilliyə gedən yolun “dünyanı, özünü dərk” dayanacağı. Onu qarşıda hələ çox uğurlar gözləyir. Və bu uğurlar ona yaşadığı ağrı-acıları hökmən unutduracaq. Yeniyetmə dövründə ehtiyac üzündən “Şaxta baba” obrazına girərək, qapı-qapı gəzib pul qazandığı günlər bir zaman ona yuxu kimi gələcək. El arasında boşuna demirlər axı: “Yetimin də Allahı var...”

Bəli, öz ifaları ilə ürəklərə yol tapan, tanınan klarnet ustası Hüseyn Məhəmmədoğlunun bu gün- martın 2-də 40 yaşı tamam olur. Ona Allahdan möhkəm can sağlığı, yaradıcılıq uğurları diləyirəm.

Yaşa, yarat, qardaşım!

Hörmətlə, Elman Eldaroğlu

Bir 1 nəfər, klarnet, trompet, qoboy və fleyta şəkili ola bilər