" ...Kişinin borcu, müstəntiqin vəzifəsidir."
Cəmi bir həftə əvvəl Azərbaycanın tanınmış hüquqşünaslarından olan Şamil Bağırov
da dünyasını dəyişdi. Ömrünün 40 ilini prokurorluq orqanlarında işləyib
adi müstəntiqlikdən rayon prokuroru vəzifəsinə qədər yüksələn Şamil Bağırov bu illər
ərzində yüzlərlə cinayət işini başa çatdırmış, ənqatı cinayətlərin üstünü açmışdır.
Tanıyanların dili ilə desək, Şamil müəllim olduqca ədalətli, cəsarətli, öz işini dərindən
bilən, qanunun tələblərini qanunauyğunluğu ilə yerinə yetirən, cinayətkarında,
zərərçəkənində hüququnun ədalətli qorunmasına bütün varlığı ilə ürəkdən çalışan bir
müstəntiq, prokuror olmuşdur.
Şamil Əhməd oğlu Bağırov 1935-ci ildə Füzuli rayonundakı Əhmədbəyli kəndində
anadan olmuşdur. Həmin kənddəki orta məktəbi, daha sonra isə Azərbaycan Dövlət
Universitetinin hüquq fakultəsini ( indiki Bakı Dövlət Universitetini) bitirmişdir. İlk əmək fəaliyyətinə
Qazax rayon prokurorluğunda müstəntiq kimi başlamışdır.
Biri-birimizi tələbəlik illərindən tanısaqda, xoş, səmimi münasibətlərimiz o,
Qazax rayonunda prokurorluqda müstəntiq işləyəndə başladı. Bir erməninin nankorluq
etməsi və günahlarını Azərbaycanlıların üstünə atması, yuxarı təşkilatlarda oturan bir çox
ermənilərində onu müdafiə etməsi haqqında redaksiyaya daxil olmuş məktubdakı faktları
dəqiqləşdirmək üçün Qazaxa, Şamil müəllimin yanına getmişdim. Otağa girəndə ilk
diqqətimi çəkən stolun sol tərəfindəki lövhədə iri hərflərlə yazılmış “ Ədaləti
mükafatsız bərpa etmək kişinin borcu, müstəntiqin vəzifəsidir.”
sözləri məni elə tutdu ki, Şamil müəlimlə görüşməyi unutdum.
Nə isə, məqsədimi bildirəndə dodaqları qaçdı:Bir ermənidən ötrü, hamısıda yüksək
vəzifəli bəlkə on adam xahiş edib. Yuxarıdan zəng edənlər nəinki kömək, hətta onun
azadlığa buraxılmasını tələb edirdilər . “Sabah məhkəmədir, ədalətsizlik edib, haqqı-ədaləti
pozsalar, bu dəfə də mən yazacam”- dedi.
Qazaxdakı bu erməni əhvalatı barədə az sonra Qazaxlı Kosa müəllimlə “Azərbaycan
gəncləri” qəzetində “Kəlbəlayı Akop Əfəndi” adlı felyeton dərc etdirdik. Azərbaycanlı adı
altında dələduzluq edib, kolxozun mal heyvanını aparıb Tbilisi bazarında satdıran erməni
Akop öz layiqli cəzasını aldı. Bu işə görə Respublika prokurorluğu Şamil Bağırovu
mükafatlandırdı.
Şamil müəlim sonralar bir müddət Sabirabadda, Lənkəranda, Sumqayıtda, Bakı
şəhər prokurorluğunda,Cəbrayıl rayon prokururu olanda da , Respublika prokurorluğunda yüksək vəzifələrdə işləyəndədə öz
əqidəsinə sadiq qalmışdır. Özünün dili ilə desək o, hər yerdə “...kişinin borcunu,
müstəntiqin vəzifəsini” layiqincə yerinə yetirmişdir. Ən ağır, necə deyərlər düşünülmüş
halda törədilən, açılmaması üçün üstünə əvvəlcədən min bir örtük çəkilən neçə cinayətlərinüatünü
məhz Şamil Bağırov açmış, cinayətkarlar layiqli cəzalarını almışlar.
Şamil Bağırov qatı cinayətkarlığa qarşı qətiyyətli olduğu kimi, xırda, adi
səhlənkarlıqdan yaranmış cinayətlərin aradan qaldırılmasında, cinayətkarın cəzasının
ədalətli həlli üçün əlindən gələni edərdi. Bəzən ən təcrübəli vəkillərin bilmədiklərini də
o, cavabdehlərə öyrədərdi. Bu barədə uzun illər Sabirabad rayonunda çıxan “ Muğan”
qəzetinin redaktoru, rəhmətlik Məmmədağa İsayevin dedikləri maraqlıdır:
Rayon Milis idarəsinin ( indiki polis) İqtisadi Cinayətkarlığa qarşı mübarizə
şöbəsinin əməkdaşları araşdırma apararkənkənd mağazasında beş yüz manata qədər
çatışmazlıq aşkarlamış, mağaza müdiri həbs olunmuşdu. Polisin aşkarladığı bu işi rayon
prokurluğunda yenicə işə başlamış Şamil Bağırov aparırdı. Həbs olunmuş mağaza
müdirini də, onuna ailəsini də yaxşı tanıyırdım. İki uşağı ali məktəbdə oxuyurdu. Həyat
yoldaşı pambıqçı idi. Tanınmaza - bilməzə jurnalist hədiyyəsi kimi bir qələmdə götürüb
gənc müstəntiqin yanına xahişə getdim. Tanış olduq. Ailənin çətinlikləri haqqında
danışdım. Mal heyvanlarınısatıb yanınıza gəlmək istədiklərini dedim. Şamil müəllim
sözümü kəsdi, bir xeyli sakit dayandıqdan sonra məni sorğu- suala tutdu. Sonrada
seyfindən qiymətli bir qələm çıxardıb mənə bağışladı: - Nə mənə, nədə heçkimə heç şey
lazım deyil- dedi. Gedib mağazadakı çatışmazlığı ödəsinlər, qalanı mənim boynuma.
Səhəri gün beş yüz manatı ödəyib, mağaza müdirinin tələbə qızları ilə Şamil
müəllimin yanına getdik. Heç yarım saat keçməmişdi ki, Şamil müəllim neçə gündən
bəri həbsdə saxlanılan mağaza müdirinin azadlığa buraxılması haqqında sənədləri
hazırlayıb polisə göndərdi. Sonrada gülə-gülə:- Üstünüzə haqq qoymuram- dedi. Dövlətə
və hər hansı bir şəxsə vurulmuş ziyanın qabaqcadan könüllü ödənilməsi cəzanı
yüngülləşdirir.
Şamil müəllim el arasında ən hörmətli , sayılıb seçilən prokuror vəzifəsində
işləyəndədə, təqaüdə çıxıb tanınmış bir idarədə hüquq şöbəsinin rəisi olandada, öz
ləyaqətini həmişə hərşeydən üstün tutub, haqqın tərəfində olub. Ermənilər
silaha sarınıb, qonşu Azərbaycan kəndlərini çapıb talayanda, bir ov tüfənginə görə
özümüzünkülərə min bir əziyyət veriləndə Şamil müəllim üzdə qanunu müdafiə edib,
silah gəzdirməyin qadağan olunduğunu desə də, arxada çox şeyə göz yumurdu. Axşamlar
Cəbrayıllı gəncləri başına yığıb, sərhəd kəndlərinə gedərdi.Kəndli gənclərlə dərdləşəndə:
“ Bu günün əsas qanunu vətəni, torpağı qorumaqdır. Bu məqsədlə atdığınız hər bir
addımda mən sizinləyəm” deyərdi. Araz qırağı kəndlərin ermənilərlə sərhəd kəndlərə
maddi və mənəvi köməkliyini təşkil edərdi.
Yadımdadır,bir dəfə May bayramı ərəfəsində o vaxt Respublika Nazirlər Sovetində
şöbə müdirinin müavini işləyən, rəhmətlik Rüfət Əsədovla xəbərsiz-ətərsiz
Füzuliyə , sonralar otuz ildən çox erməni əsarəti altında qalan kəndimizə getmişdik.Rüfət
müəllim gözlənilmədən Xudafərin körpüsünə baxmaq istədiyini bildirdi.Maşınlara əyləşib
iş günü olmasa da Cəbrayıla, rayon prokuroru Şamil Bağırovun yanına getdik. Amma Şamili Horovlu(səhf etmirəmsə)
kəndindəki kəhrizin üstündə tapdıq. Söhbətdən aydın oldu ki, əslində mən bunu
çoxlarından,
Cəbrayıllı dostlarımdan eşitmişdim ki, Şamil Bağırov Bakıdakı dostlarının köməyi ilə
Cəbrayıla bir neçə su mühəndisi gətirdib.Onların köməyi ilə rayonun kəndlərində ki
qurumuş yaxudda qurumaqda olan kəhrizlərin bərpası ilə məşğul olur. Həmin gündə
Horovludakı doqquz ildən artıq suyu gəlməyən kəhrizin açılış mərasimi idi. Bu mərasimdə
çox adam danışdı. Suyu qurumuş kəhrizlərin bərpasındakı xidmətlərinə görə Şamil Bağırov
haqqında xoş sözlər dedilər. O, xoş sözlərin birini indidə xatırlayıram. Ağzının
yaşmağını sivirən ağ saçlı bir qadın şırıltı ilə axan suyu ovuclayıb üzünə çırpdı, sonra iki
əllərini yuxarı qaldırıb Bu kəhrizində doxsan yaşı var, mənimdə. Mən bu prokurora da
bu kəhrizin yaşı qədər ömür arzulayıram-dedi.
O qadının arzusu, diləyi yerinə yetdi. Cəmi iki ay əvvəl Şamil Bağırovun doxsan
yaşını qeyd olundu. Bir həftə öncə isə Şamil müəllim dünyasını dəyişdi.
Allah rəhmət eləsin.
Asif Quliyev