Kəmaləddin Qədim - HƏLƏ GÜNAHDIR ADIN

Ədəbiyyat 09:25 / 11.09.2025 Baxış sayı: 2786

 

Mən nə ölüdən ölü,

nə diridən diriyəm.

Qınağa tutulmuşun,

qarğınmışın biriyəm.

 

Evim-eşiyim zindan,

Dörd yanı hündür barı.

Sanki arasındayam

dəmir barmaqlıqların.

 

Ən böyük aşiq də mən,

günahkar da mənmişəm.

Girib şeirlərimin

içində gizlənmişəm.

 

Hələ əllərin yasaq,

hələ günahdır adın.

Əfv fərmanı gözləyən

dustaq kimiyəm, qadın...