Kəmaləddin Qədim : - GÖZÜMÜN ALTINA YIĞIRAM ÖMRÜ...

Ədəbiyyat 09:05 / 28.08.2025 Baxış sayı: 2165

 

Səhmana salıram, daha nizamın,

düzümün altına yığıram ömrü.

Toplayıb, gəlirəm əllimin üstdə,

yüzümün altına yığıram ömrü...

 

Baxmıram hardasa "xala-xətir"di,

Hardasa başıma nələr gətirdi...

Elə misra-misra, sətir-sətirdi,

sözümün altına yığıram ömrü...

 

Boşuna açılıb, örtülmür qapım,

Bitməyir özümlə hesab-kitabım.

Səbr oğlu səbirin, tab oğlu tabın,

dözümün altına yığıram ömrü...

 

Əlində gündüzüm, gecəm doğrumun,

Bu bütöv doğrumun, bu cəm doğrumun.

Ələnib ələkdən keçən doğrumun,

düzümün altına yığıram ömrü...

 

Mənimdi, tanıyar görən uzaqdan,

Qorudum min cürə fənddən, duzaqdan.

Çəkib qurtarıram küncdən, bucaqdan,

gözümün altına yığıram ömrü...