Kəmalə Abiyeva - BAKIMA
Hər səhərlə sevdim səni
hər gecəylə yaşadım mən.
Dalan-dalan, küçə-küçə
ürəyimə daşındın sən.
Qarış-qarış sevdim səni,
addım-addım oxşadım mən.
Addım-addım, qarış-qarış
gözlərimə sığındın sən.
Haray salan, hey vurnuxan
o dəlisov küləklərin
sənlə dolu nəfəsimdi.
Hər daşına möhtac olan,
ovunmayan həsrətimdi.
Köhnə Bakım, təzə Bakım
tarixindən qoparılan,
sökülən daşların kimi
başıma yağan kədərim.
Aradığım, tapmadığım
qır qoxulu məhlələrin
ovcuma dolan qəhərim.
Ay şəhərim, ay sultanım,
qulun olum, kölən olum.
bir gün elə Xəzərimin
bircə ovuc suyu kimi, duzu kimi
torpağına hopum qalım.