Hətəm Əsgərov :- İKİ ŞEİR

ADAM AXTAR
Çoxdur ümidin, bəlkə, xəbər oldu CV-indən,
Təkrar düşünüb təhlil elə bir də dərindən,
Ay ötdü, zaman keçdi, cavab yoxdu işindən,
Yazma daha təkrar CV-ni,ağlama zar-zar,
Axtarma vakant iş yeri əsla-- adam axtar.
Bir aç gözünü ibrəti al kəblə Qaraşdan,
Tapdı özünə yaxşıca arxa bəri başdan,
Yüz-yüz vuraraq nuş eləyir səbzəli aşdan,
Arzu bağı qışda çıçək açmıs, gətirir bar,
Axtarma vakant iş yeri əsla-- adam axtar.
Tapsan "tapış"ı heç bir işin müşkülə dönməz,
Bəxt ulduzunun nuru,ziyası daha sönməz,
Təşviş ilə qəlbin əmin ol bir də döyünməz,
Vurma qulaqardına eşit, eyləmə inkar,
Axtarma vakant iş yeri əsla-- adam axtar.
Əmr etsə "tapış" gündə yumurtlar xoruzun da,
Nəgmə oxuyar şəninə kəklik, tovuzun da,
Dəryada balıq sövdası olmaz hovuzunda,
Döymə gözünü,baxma, ümidsiz, belə naçar,
Axtarma vakant iş yeri əsla-- adam axtar.
Diplomlarının rəngini bilmərrə unut sən,
Bəsdir CV-i yazdın,bala, başqa yolu tut sən,
Ruh ver özünə könlünü səbriləovut sən,
Hayqırma,bağırma gecə-gündüz belə bar-bar,
Axtarma vakant iş yeri əsla-- adam axtar.
QARI NƏNƏNİN NƏSİHƏTİ
Evdə yetər qalmağın, qıs yuxusundan ayıl,
Dəstəsinə tay-tuşun sən də qoşul, tez qatil,
Dövləti başdan aşan varlı bir xanım sayıl,
Fatma, Tükəz, Məsmədən bir daha qalma dala,
Yaxşı gəlib qismətin falçı da baxmış fala.
Tərsliyi at, zarıma, söyləmə, çoxdur yaşı,
Nus edəcəksən piti, lobyalı aş, bozbaşı.
Alverinə yoxdu söz, yaxsı gəlir daşbaşı,
Yumma gözün fürsətə--al qumaşa, zər şala,
Yaxşı gəlib qismətin falçı da baxmış fala.
Qız cavana getsə bil, tez alacaq yumruğu.
Olsa əri pir, qoca, gündə yeyər quyruğu,
Hər sozü daşdan keçər hasil olar buyruğu,
Üz-gözü, çal saqqalı bənzəsə də naqqala
Yaxşı gəlib qismətin falçı da baxmış fala.
Ay canımın parəsi, təhsilə bel bağlama,
Tulla kitab-dəftəri, qəlbimi gəl dağlama,
Tir-tir əsib qorxudan, hıçqırıban ağlama,
Get ərə sahib olaq sərvətə, dövlət-mala,
Yaxşı gəlib qismətin falçı da baxmış fala.
Vaxt yetişib, gün çatıb, aç gözünü baxta bax,
Taxt yetişib baxtına fürsətə bax, taxta bax,
Bağlama məstan gözün dövrana bax, vaxta bax,
Bəxtinə doğmuş günəş batsın ə lin saf bala,
Yaxşı gəlib qismətin falçı da baxmış fala.