-Fərhad Tapdıqoğlu-  Sarı

YAZARLAR 11:27 / 09.11.2025 Baxış sayı: 970

 

                                ( hekayə)

Divar saatına sarı boylandı Sarı .Saatın əqrəbləri 6- nı bölmüşdü düz yarı.Hava işıqlaşırdı,bayırda küçə itləri ulaşırdı .

Sarı çarpayısının yanındakı dolaba sarı boylandı.Dolabın üstündə

Sarı Aşığın kitabı,İlyas Əfəndiyevin "Sarı köynəklə Valehin nağılı" və yenicə oxuyub bitirdiyi Çingiz Aytmatovun "Əlvida,Gül-sarı "əsəri...

Yeniyetmə yaşından bu yana kitablar ən yaxın dostu idi Sarı-nın...

Xatırladı çox sevdiyi hind filmlərindəki qızları ,əyinlərində sari...

Yadına düşdü bir müəssisədə,bir yerdə işlədiyi hindli An-sarı...

Sarı-nın həyat yoldaşı rayona qızı gilə getmişdi. Müəvəqqəti tək yaşayan Sarı yatağından qalxdı ,yuyundu ,geyindi ,qazı yandırdı ,çaydanı su ilə doldurdu qoydu qazın üstünə qaynamağa.Kiçik tavaya su tökdü,iki yumurta atdı,onu da qoydu bişməyə.

Su qaynadı,çay dəmlədi Sarı,salma çay elədi,qoğalla çay içdi.

Yumurtaların yedi sarı-sını Sarı, saxladı nimçədə ağını ,yarısını.

Ayaqqabılarını geyindi Sarı,avtobus dayanacağına sarı yol aldı ki,getsin bağ evlərinə Sarı-qayaya.Bağda qalacaqdı əlavə iş çıxmasa araya...

...Gənclik illəri gözləri önündən kino lenti kimi keçdi...

Bağ qonşuları vardı hündür hasarın o tayında.

Orada valideynləri ilə sarı-şın qız qalırdı

,adı Sara.

Hündür hasarları kimi əlçatmaz idi Sarı üçün

Sara.

Atası çox imkanlı idi Saranın .

Sarı "Sarı gəlin" mahnısını oxuyardı ki,bəlkə eşidə Sara:

"Saçın ucun hörməzlər,

Səni mənə verməzlər".

Bilirdi Sarı,ona verməzlər, Sara olmaz onun yarı...

Bir müddət sonra Saragil bağ evlərini satıb,oradan köçdülər...

İllər sonra Sarı xəbər tutdu ki,Sara sarı-lıq xəstəliyindən dünyasını dəyişib.Xəbəri eşidəndən sonra uzun illər üzü gülmədi Sarı-nın...

...Bax beləcə Sarı yol aldı bağ evlərinə sarı.Yadına özünün yazdığı bayatılar düşdü:

Kədər mənə sarı-lı,

Gedirəm dərdə sarı.

Dərddən gülüstanım var,

Dörd yanı dərd ha-sarı.

Əzizinəm, sarı-dı,

Bu yol dərdə sarı-dı.

Dərddən imdad dilədim,

Ələ saldı,sarı-dı.

Sarı Sara gilin hündür hasarlarını dərd ha-sarı,özünün becərdiyi sarı çiçəkləri isə dərd gülüstanı hesab edirdi.

Sarı rəng Sarı üçün kədər rəngi,dərd rəngi oldu.Sarı köynək geyərdi Sarı.

Sarı-kök də,sarı-msaq da əkərdi bağlarında Sarı.

Sarıya rəngi sarı olan,adında "sarı" sözü olan hər şey maraqlı idi.

"Baş sarı-teli" hərdən zümzümə edərdi Sarı...

Sarı-şın Saranı unuda bilmirdi Sarı .

Artıq ailəsi ,övladları, hətta nəvələri vardı Sarı-nın.

Nəvələrinin birinin adını Sara qoymuşdu Sarı...

Bağda güllərə su verdi Sarı.

Dəhrə ilə ağacların bir neçə bar verməyən budaqlarını kəsdi,bağı şax- şəvəldən təmizlədi Sarı.

Ehtiyatsızlıqdan barmağının birini də kəsdi Sarı.

Barmağından qan axırdı.

Öz-özünə dedi:

"Ay Sarı ,get barmağını sarı di..."

Barmağını sarıdı Sarı.

... Yenidən içindəki sarı-şın Sara kədərinə sarı-ldı Sarı ...və getdi uzandı bağdakı sarı taxtın üstünə...