Əşrəf Veysəlli : - BU GÖZƏL

Ədəbiyyat 09:23 / 29.04.2025 Baxış sayı: 1003

 

 

Ağ geyindi,- ağ şəfəqə bələndik

Bəxtimizin şöləsidir bu gözəl.

Sanarsan ki, məhəbbətin, sevginin

Fəth olunmaz qalasıdır bu gözəl.

 

Baxışında ulduzların sərgisi,

Ağ sinəsi saf məhəbbət dərgisi.

Hansı bağın yasəməni, nərgizi,

Hansı dağın laləsidir bu gözəl?!

 

Kim görübsə bu afəti dünyada,

Heç tükənməz məhəbbəti dünyada.

Elə bil ki, müvəqqəti dünyada

Həmişəlik qalasıdır bu gözəl.

 

Sağalmazmı sinəmdəki yara, yar

Axı bunca zülm eyləməz yara yar…

Bir söz desəm, qəzəbindən qaralar,

Dindirməsəm, solasıdır bu gözəl.

 

Qorxuram ki, bir çıxa dilimdən

Bu xoşbəxtıik uçub gedə elimdən

Əcəl bizə macal versə ölümdən,

Canımızı alasıdır bu gözəl.

 

Didim- didim hicri didib könlümü,

Könül olan vaxtı gedib könlümün,

Bu yaşımda Məcnun edib könlümü,

Səhralara salasıdır bu gözəl.

 

Aman Allah!- ala gözlər süzüldü,

Əl- ayağım yerdən, göydən üzüldü…

Nöuzənbillah! Ya Allahın özüdür,

Ya Allahın bəlasıdır bu gözəl!!!