Elxan Yurdoglu - Səni payız kimi sevirəm, qadın.

Ədəbiyyat 12:34 / 01.10.2025 Baxış sayı: 2037

 

Mənim təkliyimdə xəzəl rəngi var,

Səni payız kimi sevirəm, qadın.

Sən sevda bağçamda tənha gilənar,

Səni payız kimi sevirəm, qadın.

 

Durna qatarından düşən lələyəm,

Telini dağıdan dəli küləyəm,

Susqunam, səssizəm, neynim, beləyəm,

Səni payız kimi sevirəm, qadın.

 

Bir az yaşıl qədər, biraz sarıtək,

Rəngbərəng gilənar yarpaqlarıtək,

Məndən yaz sevgisi ummaqdan əl çək,

Səni payız kimi sevirəm, qadın.

 

Payız-şair təbim, şair ovqatım,

Payız şeirlərim sevgi həyatım,

Payızda hər günüm qəmli bayatı,

Səni payız kimi sevirəm, qadın.

 

Səndə payız kimi duruldum deyə,

Çətin ki sevməkdən yoruldum deyəm...

Mən sənə payızda vuruldum deyə,

Səni payız kimi sevirəm, qadın.