Elşən Əzim - TAMADA OLMAYANLAR ÜÇÜN TOST
Mən içmirəm bu badəni
İlin, günün sağlığına.
İçirəm qeybdən gələn
Səsin, ünün sağlığına.
Bulud gəlir göy üzünə
Niqab tutur hey üzünə.
Həsrətin quzey üzünə,
Düşən günün sağlığına.
Quzeyə başqa gün düşür
Baxışları süzgün düşür.
Getdiyim yol düyün düşür,
O düyünün sağlığına.
Biri dönüb haqdan ölüb,
Birisi nahaqdan ölüb.
Qalan, ruhun çoxdan ölüb
Ölən, sənin sağlığına.