Elnur Uğur Abdiyevdən TƏZƏ ŞEİRLƏR
Biz gələndə öyrətmədilər sərbəstliyi
Kölə kimi böyüdüldük.
Kölgə kimi böyüdüldük.
Ruhumuz təslim olmağı
İlk dəfə olmaz sözünü eşitdiyimizdə öyrəndi.
Biz körpəliyi əlindən alınmış,
Uşaqlığını l Qarabağ müharibəsində uduzmuş
Gəncliyi 20% əsir olunmuş
Bir ananın övladları kimi böyüdük.
Biz çox acı çəkdik
Könlümüzdə ümid ağacı əkdik,
Gözümüzdən könlümüzə su çəkdik.
Göyərtdik o ümid ağacını.
Cavanlığın qoca,
Qocalığın cavan yaşlarında.
Daddıq Vətənin bütövlüyünü.
Anamızın xoşbəxtliyini gördük
Il Qarabağ savaşında
Və bir körpüdə dayanmışdıq
Körpünün o başında
Nə uşaqlığımıza təəssüflənirdik
Nə gəncliyimizə yanırdıq.
Zəfər o qədər şirindi ki...
Onun şirinliyinə bütün acıları bağışlayırdıq
***
Təbiətin aynasıdır,
Quşçu kəndi,Quşçu kəndi.
Gözəlliyin anasıdır,
Quşçu kəndi,Quşçu kəndi.
Hər mağara bir kahindi,
Baxıb ötürdüm ah indi.
Səması Qartal,Şahinni,
Quşçu kəndi,Quşçu kəndi.
Oğulların qurban verib,
30 il yaşayıb qərib,
Düşməninə sinə gərib.
Quşçu kəndi,Quşçu kəndi.
Hər bulağınla qaynadım,
Körpə uşaqtək oynadım,
Gözəlliyindən doymadım,
Quşçu kəndi,Quşçu kəndi.
Elnur, bu hüsndə aləmdə,
Rastlamazsan belə kəndə.
Mən məndəyəm,ruhum səndə,
Quşçu kəndi,Quşçu kəndi.
***
Dur ümiddən kibrit çək,
Ömür adlı bu şama.
Gecəyə nur saçmasan,
Gündüzü də yaşama.
Hər hamilə gecənin,
Günəş doğmur sancısı.
Tutqun qara buludun,
Yağan yağmur sancısı.
İnama söykənəndə,
Daşda da bitir çiçək.
Əl ola bilmədinsə,
Ol yalın ələ əlcək.
Gecənin içi işıq.
Qaranlıq qabığıdır.
Qəlbində sevgi varsa,
Həsrət eşq qalığıdır.
Elə sev görəcəksən,
Gecə necə sübh doğur.
Sevin, qəlbə nur saçan
Sevgin var,Elnur Uğur!
***
Bakı vuran ürəyimdi,
Təbriz şah damarım mənim!
Arazın iki üzündə,
İki doğma yad Vətənim!
Yurddan yurda qonaq getmək,
Yurdda Vətənsizləməkdi.
Bakısız Təbrizli üçün,
Təbriz də qürbət deməkdi.
Öz evində qərib olmaq,
Yaman dərddi,yaman dərddi.
İki yüz ildir ki axır,
Qurumur Araz namərddi.
Bir gün aşacaq sərhədlər,
İnancım tamdır bilirəm.
Bütöv Vətənin eşqinə,
Doğulan şeri görürəm.
Nə xoşbəxt şeir o şeir,
Bütövlük eşqindən doğa.
Bir misra yaz,bu bürküdə,
Vətənə çətir açmağa.
O çətirin kölgəsində,
Dincəlsin yurdum sübhədək,
Gecən,xeyrə qalsın,Bakı,
Təbrizdə Görüşənədək!!!