Əlisəfa Azayev : - QIZIL PUL

YAZARLAR 09:20 / 07.02.2025 Baxış sayı: 2896

 

  • O beşliyi verin baxım.
  • Buyurun...

Bu an satıcı qızın barmağı onun barmağına dəydi. Hər ikisi gülümsədi. Soruşdu:

  • Ailəlisiz?..
  • Bəli... Daha doğrusu, ailəli olmuşam. Sonra xasiyyətimiz düz gəlməyib. Ayrılmışam.

O dinmədi. Araya sükut çökdü. Qızıl mağazasında, onsuz da, adam çox idi. Onun qarşısında isə ondan başqa adam yox idi. İndi də onluğa baxmaq istədi. Əli ilə icazə elədi:

  • Hə... Onluğu...
  • Bəli...
  • Elə bizim iyirmi qəpiklik boydadı ki... Yaxşı deyəsiz, beşlik neçəyədi?
  • Üç yüz iyirmi manat...
  • Bəs bu onluq ?..
  • Səkkiz yüz otuz manat.
  • On beşlik
  • Min beş manat...

Bir onluğu ürəyində hesabladı. Bunları əldə etsə, gör nə qədər irəli düşə bilər... İki min yüz əlli beş manat... Bir maşının qiymətidi... Bu həvəslə də ona beşliyi işazə edərək dedi:

  • Onu da verin baxım.
  • On beşliyə...
  • Bəli.

Qız imkanlı müştəri əlinə düşmüş kimi soruşdu:

  • Siz hədiyyə almaq istəyirsiz.
  • Hə hə, həm də yox...
  • Başqa qızıllarımız var. Həmin adam neçə yaşdadı.

O bir neçə milli qızıl götürüb ortalığa qoydu. Onların üstündə yaşlar yazılmışdı: “50”, “60”, “70...

  • Bunların arxasında gerbimiz yoxdu ki?
  • Hə...
  • Rus... Nikolay pullarını isə görürsüz də... Gerbləri, çarın şəkli də həkk olunubmuş.

Bu an qıza deməsə də, yadına bacısının sözləri düşdü. O, nənəsinin boyunbağısından asılan bir şəklə baxıb demişdi: “Babamın şəklini görmüşəm. Uzun saqqalı vardı. Keçəl kimi idi. Özü də rusa oxşayırdı”. Atası onda dilləndi: “Ola bilməz...” Anası isə hər şeyi başa düşüb dedi: “Qızım, elə ruslarla bizim köhnə qohumluğumuz var da. Əslini axtarsan elə bütün Sibir bizim soydaşlarımızdı. Sonradan ruslaşdırıb, xristianlaşdırıblar da... Qız pıçıldadı: “Hə...Altay... Yenisey...”

İndi o da satıcı qızla dilxoşluq edəsi oldu. Gülümsədi:

  • Burada gün boyu qalmaq darıxdırıcı deyil ki...
  • Nə edək?!. İşimiz budu da... Əlacımız nədi?!.
  • Əgər istəsəniz... Boş vaxtlarınızda gələrəm... Bir tərəfə gedərik...

Bağır olduqca boylu-buxunlu, yaraşıqlı idi. İnanırdı ki, bir anda qızın qəlbinə od salıb. Gülümsəyərək dedi:

  • Onsuz da bu son görüşümüz deyil. Mən hökmən hədiyyə almalıyam. Yanımda elə bir ehtiyat pul yoxdur.
  • Gəlin də...
  • Mənim qohumlarım da... Qardaşımın nişanlısına pay verəndə, necə ögey-doğmalıq edim? O birilər də var axı... Onlara da gərək bir şey alım.
  • Alın da...

Oğlan tez-tələsik getdi. Qız onun arxasınca həsəd hissi ilə baxdı. Köks ötürdü. Nə vaxtdan bəri idi, bir beləsini arayıb-axtarmaq da idi... Öz-özünə istiləndi, titrədi: “Oxqay... Ona necə də sığınaram... Xeyli boylu-buxunlu, gözəldi... Əsl mənim tayımdı. Daha bir söz deyən, rişğənd edən olmaz... Subaydı ki, belə ürəklə danışır da...”

Oğlan oradan çıxan kimi yol boyu öz-özünə danışmaqda, pıçıldamaqda idi:

  • Bu beşlik...
  • ...
  • Bu onluq...
  • ...
  • Bu on beşlik...

Sonra da başladı onlara, həmin sözlərinə izahat verməyə:

  • Beşlik elə bizim on qəpiyə oxşayır. Onun böyüklükdədi.
  • ...
  • Onluq da elə iyirmi qəpiklik ölçüdə-biçidə olar...
  • ...
  • On beşlik də bir qədər bundan böyükdü də... Elə əlli qəpik böyüklükdədi...

Bu pullardan onda vardı. Oradan düzbir yol aldı zərgər dostunun yanına. Yerində yox idi. Xeyli müddət ona zəng çaldı, gözlədi. Görüşəndə dedi:

  • Harada itib-batmısan ey belə?!.
  • Yenə nolub ki?
  • İş var...
  • De də...
  • Bu pulları mənim üçün qızıl suya çək...
  • Axı onlar misdi...
  • Yox... Mən də bilirəm...
  • Qızıl deyillər.
  • Olsun da...

Zərgər heyrət içində ona baxdı:

  • Yox, qədeş, mən qorxuram. Yenə də sənin xətan var. Başını ağrıtmaq istəyirsən.
  • Nə edim?!. Dolanmaq lazımdı da...
  • Bu yolla?..
  • Yaxşısını, sən mənə göstər...
  • Gəl gündəlik mənə kömək elə, çörək pulu verərəm. Ancaq sənin bu işinə girişə bilmərəm.

Oğlan fors edib getdi. Zərgərdən qızıl əritməyin az çox yolunu öyrənmişdi. Evdə bir müsibətlə bu əməliyyatı başa çatdırdı. Pulları bir qədər zərblə döymüş, rəqəmləri lap görünməz hala salmışdı...

O qızıl mağazasına çatanda artıq işin axırı idi. İşçilər qızılları seyflərə qoymaq üçün yığışdırırdılar. O yenə də tez-tələsik gəlib qızın qarşısında dayandı. Qız gülümsədi:

  • Gəldiniz...
  • Bəli...
  • Bu gün elə bir alverim olmayıb. Nə yaxşı...

Müdirləri onları tələsidirməkdə idi:

  • Bir az tez olun... İşıq da sönməyə vaxt tapdı...

Oğlan özünü şübhələndirmədən qıza dedi:

  • O pulları ver, bir də baxım...

Bu an o qızın əlini lap sığalladı da... Qız gülümsədi, qımışdı... Bu qayğıdan uçunmuş halda az qaldı ki, titrətsin... Taqətsiz halda soruşdu:

  • Siz işləyirsiniz?
  • Bəli...
  • Harada?
  • Əmlakda... Mənzil məsələsi ilə məşğulam.
  • Çox yaxşı...

Oğlan beşliyi əlinə alıb bir ovsunçu hərəkəti ilə dəyişdi. Qız heç nə başa düşmədi. Sonra onluğu bu qayda ilə... Daha sonra on beşliyi... Pulları dəstə-dəstə cibindən çıxarıb qıza vermək istəyəndə, qız gülümsədi:

  • Mənə yox, kassaya...
  • Bu dəqiqə...

Ancaq cəld telefonu əlinə alıb kimləsə danışdı:

  • Hə...
  • ...
  • Belə...
  • ...
  • Yaxşı, gəlirəm...

Qıza üzrxahlıq elədi:

  • Məni bağışlayın, hədiyyələri başqa yerdən alıblar. Ancaqmən sizi unudan deyiləm. Bu da telefon nömrəm. Səhər hökmən gələcəyəm.

Qız narahat halda dilləndi:

  • Olan şeydi. Ancaq zəng çalmamış gəlməyin.
  • Sizin nömrəniz məndə yoxdu axı.
  • Verim də...
  • Verin...

Beləcə hər şey yaddan çıxmışdı. Satıcı qız öz şəxsi problemlərini həll etsə də, müdiri hey səslənməkdə idi:

  • Dedim ki, cəld olun da... Vaxta az qalıb. Bu dəqiqə univermaq bağlanacaq. İşıqlar da sönməyə vaxtı tapdı.

Haradan bilsin ki, işıqları söndürtmək bu mərdimazarın işidi. İşıq idarəsində işləyir... Qız sanki oğlandan ayrılmaq istəmirdi. Rəfiqəsinin sözlərinə laqeyd qala bilmədi:

  • Hə, pis oğlana oxşamır...
  • Bir beləsini Allah mənə də yetirə.
  • Bizim işimiz belədi də...Axşama kimi qaxılıb qalmışıq burada. Səhər hökmən onunla dəniz sahilinə gedəcəyəm.
  • Əla...
  • Özü də Bayıl tərəfə... Deyirlər ki, orada sahil tərəfdə yaxşı balıq kababı verirlər.

Rəfiqəsi ağzı sulanmış kimi dedi:

  • Ay qız, daha bizi şişirtmə də. Bunun maşını var görəsən?
  • Əmlakda işləyir. Mənzil məsələsinə baxır. Bir maşın almaq onun üçün nədi ki.
  • De kefdəsən də... Kalan yerə düşmüsən. Əldən buraxma. Həmişə beləsi qismət olmur.

Səhəri birisi onluğu dilxor halda geri qaytardı:

  • Zərgər deyir ki, səni aldadıblar, bu qızıl deyil...

Sonra da beşlik olan gəldi:

  • Bu nədir mənə qəlp pul satmısınız?!

Müdir əlacsız qalıb işə qarışdı. Qəşəngcə geyinib-keçinmiş, oğlanın yolunu gözləyən qız, bu söz-söhbətdən lap dilxor oldu:

  • Yəqin onda gecə... Seyfi açıb, dəyişiblər də...

On beşliyin də saxta çıxması onu düşündürdü. Onları dünən oğlana vermişdi axı... Bunları necə dəyişə bilərdi? Heç müşahidə edə bilməmişdi. Bir istədi ki, bu barədə heç kimə bir söz deməsin. Ancaq sonradan oğlanın gəlmədiyini, telefon zənglərinə laqeyd olub cavab vermədiyi üçün hər şeyi etiraf etdi...

Oğlan isə demək olar ki, həmin gecəni yatmadı. Bir-bir tanış zərgərlərin evinə baş çəkdi, onlarla çənə döydü:

  • İnanmırsız yoxlayın da...
  • Yoxlayacağam da...

Xalis qızıl idi. Zərgər səsləndi:

  • Yaxşı münasib bir qiymət de...
  • Beşlik üç yüz əlli manat, onluq səkkizyüz səksən manat, on beşlik min iyirmi manat...

Zərgər qeyzləndi:

  • Oğlan, sən nə danışırsan?! Elə bundansa gedib mağazadan alaram da...
  • Yaxşı, düşürəm aşağı... Həmin hesabdan əlli manat çıx. İki min iki yüz ver...
  • Yenə çoxdu...
  • İki min yüz ver...

Beləcə xeyli çənələşdilər. İki min manat pul alıb, qızılları verdi. Özü də beləcə xeyli irəli düşməsinə şad idi. Yüzlükləri əlində oynada-oynada evə gəldi. Sevincindən demək olar ki, gecəni yata bilmədi. Qəhvə dəmləyib içməsi də yuxusunu qaçırtmışdı. Dostlarından biri ona zəng çaldı:

  • Necəsən?
  • Əla... Səhər maşın almağa gedirəm.
  • Hansından.
  • “Jiquli”...
  • Camaat “Mercedes” alır, sən “Jiquli” sürəcəksən?
  • Ey... Nahaq demirlər ki, eşşəyə min ata çatıncan da...
  • Pis fikir deyil.
  • Ancaq yata bilmirəm.
  • Sevincdəndi.
  • Bir az da qəhvə içmişəm...
  • Ə, başın xarabdı sənin, yatan vaxtı adam qəhvə içər?!
  • Dedim ki, yuxum gəlməsin... Ancaq bu lap ağ elədi...

Yuxusuz qalsa da, səhər tezdən oyandı. Heç çörək yemədən maşın bazarına üz tutdu. Arada orada bir-iki peraşki alıb yedi. “Jiqulilər heç xoşuna gəlmirdi. Satıcılardan biri soruşdu:

  • Nə qədər pulun var?..
  • İki min...
  • Bir az da üstələ, bu maşını verim də sənə ...
  • Bunun arxası yatıb ki...
  • Ə, bu cəyil maşınıdı da... Burjenlərini kəsdirib.
  • Yox... Beləsini istəmirəm...
  • Yaxşı, razılaşaq... Pulundan çıxaram, aparıb düzəltdirərsən...

Nə fikirləşdisə, razılaşan kimi oldu. Dedi:

  • Yaxşı, açarları bəri ver...
  • Üstündədi...
  • Bir az sürüm baxım da...
  • Sür ancaq çox da bərk yox ha... Onu-bunu vurub köpürdərsən.

Açıq meydanda “Jiqulini bir qədər o tərəf-bu tərəfə sürüb, onun yanına qayıtdı. Dilxor halda dedi:

  • A qardaş, bu ki tüstüləyir. Satıcı onun sözlərinə gileyləndi:
  • Nə ilə lazımınca davranmasan, tüstüləyir də... Bu da onun kimi... Maşına da elə qaz, abrat verərlər. Ay Allah insaf versin sənə... Arvadı da sıxmacalayanda qapazlayır səni...
  • Başına gəlib...
  • Niyə... Əlbəttə ki...

Beləcə zarafatlaşa-zarafatlaşa maşının motoruna baxırdılar:

  • Bu başqa nömrədi...Texpasportdakı deyil...
  • Yaxşı, bu mənim boynuma. MERO-da qeyd etdirərik.
  • Daha bu olmadı ki. Bu lap əldən düşmüş maşın imiş ki.

Satıcı onun sözlərinə şaqqanaq çəkib güldü:

  • Allah kömək olsun sənə. Özünü elə aparırsan, elə bil zəmanə adamı deyilsən. İndi nəinki maşını, əlli yaşında xanımı kraska, pudra ilə boyayıb, iyirmi beş yaşlı qız kimi ərə verirlər...
  • O da bir gecədə aydınlaşır da...
  • Zirəng olmayan heç bilmir. Basmarlayıb elə işində olur.
  • Pay atonnan... Sözə bax ey...

Bu an onlara mülki geyimli iki adam yaxınlaşdı. Birinin çox sərt sifəti vardı. Dilləndi:

  • Bu da vəsiqələrimiz, biz polisdənik.

Satıcı istilənən kimi oldu:

  • Çox yaxşı... Maşındı da satıram...
  • Səninlə deyilik... Bu oğlan bizimlə getməlidi.

Bağır uçunmuş halda soruşdu:

  • Nə üçün?!
  • Özün lap yaxşı bilirsən...
  • Vallah-billah bilmirəm, deyin də...
  • Qızıl məsələsi... Univermaqda... Kamerada görüntülərin üzə çıxıb...

Yol boyu o, polisləri ələ almağa çalışdı. Dedi:

  • Hə... O qızıl pullara, beşliyə, onluğa, on beşliyə tamah saldım... Bu da edir iki min yüz əlli beş manat da... Minin sizə verirəm, məni buraxın da...
  • ...
  • Yaxşı, min beş yüzünü...
  • ...
  • İki minini...

Polis mayoru ona acıqlandı:

  • Kəs, o şərəfsiz... Elə bilirsən ki, hamı sənin kimi ləyaqətsiz, dələduzdu?!.

Bağır cəzasını çəkib gələndən sonra sahildə həmin polis zabiti ilə qarşılaşdı. Qımışdı:

  • Hə, noldu ey... Onda həmin pulları almadınız. Cəzamı çəkib gəldim.

Bir gün həmin Zemfira adlı qızla qarşılaşanda isə onu şillələyib dedi:

  • Əclaf!.. Sənə görə iş yerimi də itirdim... İnsan kimi davrana, yaşaya bilməzdimmi?!.