Ələsgər Əlioğlu : - LAÇINDAN BİR OVUC TORPAQ GƏTİRDİM

Ədəbiyyat 12:32 / 05.08.2024 Baxış sayı: 1560

 

Bağışlasın şəhid oğullarımız,

Laçından bir ovuc torpaq götürdüm.

Gözün aydın olsun, ay laçınlı qız,

Mən sənə bir ovuc torpaq gətirdim.

 

Gözlərim büründü qəmə, qəhərə,

Səpdim məzarına bir ovuc Laçın.

Sən həsrət qalmışdın o doğma yerə,

Qoy barı məzarda eynini açım.

 

Dur, bir az azalsın sinəndə dərdin,

Əlimdən gələni elədim, nə qəm...

Həmişə oturub-durub deyərdin,

Laçının üzünü görsəm ölmərəm.

 

Yenidən nur saçdı ata ocağın,

Qohumu-qonşunu başla sorağa...

Səpdim məzarına bir ovuc Laçın,

Arzuna qovuşdun, di qalx ayağa.

 

Laçın həsrətiylə dərd çəkə-çəkə,

Duymazdın axşamdı, yoxsa səhərdi.

Bilsəydin Laçına gedirəm bəlkə,

Gedə bilməsən də,

Başdaşın qoluma girib gedərdi...

 

Bağışlasın şəhid oğullarımız,

Laçından bir ovuc torpaq götürdüm.

Gözün aydın olsun, ay laçınlı qız,

Mən sənə bir ovuc torpaq gətirdim...

28.07.2024