Ələsgər ƏLİOĞLU : - ADSIZ ŞEİR

Ədəbiyyat 08:11 / 09.09.2025 Baxış sayı: 3043

 

Dərd göyün yeddinci qatından düşür,

Yaddaş ehmal-ehmal atından düşür.

Sözlər bir-birinin ardından düşür,

Bəzən tapışsa da,

Bəzən tapışmır.

 

Vaxt da saatla yox, keçir çəliklə,

Təpər də ölçülür dərəylə, diklə...

Çiçəklərin rəngi göyçəmənlikdə,

Bəzən qarışsa da,

Bəzən qarışmır...

 

Üzün çətin gülür ha yana hərlə,

Ürək doyurursan qəmlə, qəhərlə.

Tale də qarşına çıxan səhərlə,

Bəzən barışsa da,

Bəzən barışmır.

 

Gümanın söykənib qalır dünənə...

Ümidin oxşamır bir yol dinənə...

İlham çaxmağını çəkir sinənə,

Bəzən alışsa da,

Bəzən alışmır...

06.09.2025