Ehtiram Ilhamın  ŞEİR  BAĞCASINDAN  DƏRDİKLƏRİM

Ədəbiyyat 08:37 / 06.05.2024 Baxış sayı: 2065

         ***

Səni tanıyıram, İlahi, səni!

Səndən bir özgəsi varmı dünyada?

Sənin varlığınla durub yerində,

Yerini gen edən darmı dünyada?

 

Tək sənin adını bilmək nə gözəl,

Səni necə varsan, görmək nə gözəl.

Yolunda can verib, ölmək nə gözəl -

Anamı, Vətənmi, yarmı dünyada?

 

Qisməti əzəldən doğulanın var,

Bəxti quş südüylə yoğrulanın var.

Var eyy... özün boyda çox yalanın var,

Doğrunun məqamı gormu dünyada?

 

Dərdin can məlhəmi, sevincin aram,

Bu xəstə canınnan dözüb Ehtiram,

Hələ Sən durmusan... hələ mən varam,

Yoxsa dağılardı çoxdan dünya da.

21.04.24.

****

Hələ ki əlimdə işlərim çoxdu,

Canımı odlarda bişirəsiyəm.

Ruhumda düzlənib söz qatar-qatar,

Təşnə könüllərə içirəsiyəm.

 

Dərdimi içimdən atası olub,

Ən ülvi arzuma çatası olub.

Dünyanın ən mutlu atası olub,

Oğul evləndirib, qız köçürəsiyəm.

 

Hamının ən şirin xülyasıdı bu,

Sonun əvvəlimi əvvəlin sonu?..

Sən özün bilirsən

hər şeyi, Yahu.

Nəyin var, içimdən keçirəsiyəm.

26. 04.24.

 · 

Hər ananın gül ağzında bir dua,

Şükür, - gördük, Zəfərimiz mübarək!

Türk adının qüdrətini dünyaya

Biz göstərdik, Zəfərimiz mübarək!

 

Qamətimiz əyilmişdi, düzəldi,

Vətən eşqi hər sevdadan əzəldi.

Bu torpağın hər qarışı gözəldi,

Sinə gərdik, Zəfərimiz mübarək!

 

Şəhidlərin qanı axdı torpağa,

O al qanın rəngi hopdu bayrağa.

Bu bayrağın sevgisinə varmağa

Ömür verdik, Zəfərimiz mübarək!

 

44 günün şəfəqiylə sökdü dan,

Bu günlərə yol gəlirdik nə vaxtdan.

Bu millətə canımızı hər zaman

Qurban dedik, Zəfərimiz mübarək!

18.04.2022

 

◇◇◇◇

Ta ağız açmaram dosta-qardaşa,

Şapalaq qızardan üzdən oluram.

Ağrılar başımı elə qatır ki...

Oğuldan oluram, qızdan oluram.

 

Pozulub əhvalım, dönüb zamanım,

Nə hissim qalıbdı, nə həyəcanım.

Günün istisində titrəyir canım,

Üstümü qış alıb, yazdan oluram.

 

Şərin kandarına ayaq basmadım,

İçimdən gəlməyən kəlmə yazmadım,

Atalar demişdi, qulaq asmadım -

El üçün ağlayıb, gözdən oluram.

01.05.2018.

 

TÜRKÇÜLÜK GÜNÜMÜZ QUTLU OISUN

☆☆☆☆☆

Dünyayla bir doğulduq,

Vardıq cahana doğru.

Canımızdan can qopdu,

Eşqə, irfana doğru!

O bizik başqurd, qırğız,

Özbək, türkman, qaqauz,

Səlcuq, qıpçaq və oğuz -

Haqqa, imana doğru!

Altaylardan gəliriz,

Qarabağ şərəfimiz.

Ruhumuz doğma, əziz

Böyük Vatana doğru!

Bozqurdlar sana heyran,

Türk hər zaman kahraman.

Sınırım Gündoğandan

Ta Günbatana doğru!

Azadllq son sözümüz,

Tarixlərdə izimiz.

Yol almışıq - üzümüz

Ulu Turana doğru!

****

Düz yerində olmamağın

Öz yerini bilməməkdi.

Şeytana səcdəyə gəlmək

Haqqa könül verməməkdi.

 

Olsan öz nəfsinə qulun,

Haralardan keçər yolun.

Gəlib getmək olar, zulum

Bir də gedib gəlməməkdi.

 

Qismətdi böyük olmaq da,

Fələkdən dönük olmaq da.

Ürəyə bir yük olmaq da

Öz sirrini bölməməkdi.

 

Həyatdı, üstündə görkü,

Yükünü şəlləyib gör ki...

Ölməkdən asan nə var ki,

Ən çətini ölməməkdi.

03.05.24.