Əbülfət Mədətoğlu : - Tənhalıq mənzərəsi

Ədəbiyyat 10:48 / 18.04.2024 Baxış sayı: 2076

 

Dilim dualıdı, ruhum da kövrək

Bütün anlarım da sözdə qovrulur...

Elə istəyirəm möcüzə görək -

Amma... istəklərin külü sovrulur...

 

Əlimə dolaşıb "ah"-ın ətəyi

Baxıram tay ona ümid yeri tək!..

Ürəyim "ah"-ların arı pətəyi -

İstəsən onunla birgə selfi çək!

 

Hər gün"buxarlanır" canımdakı güc,

Sıxılan dişlərim bir-birin didir...

Diqqətdən uzaqdı dayandığım künc -

Ora nə gün düşür, nə kölgə bitir!..

 

Kövrək ruhum ilə, dualı dilim

Hər yerdə sevgimə dilmanclıq edir...

Hərdən nəsə olur, nədən, nə bilim -

Görürəm ağzımda dil aclıq edir!..