Əbülfət Mədətoğlu : -  İçində...

Ədəbiyyat 16:40 / 04.06.2023 Baxış sayı: 1300

 

Kirpiklərim görüşmədi, əritdim

Bir gecəni bir səhərin içində...

Can atsam da qovuşdura bilmədim -

Bir həsrəti bir şəhərin içində!..

 

Baş qatsam da hər ölçüdə, biçi də

Boş səhradı əllərimin içi də!..

Vüsal, həsrət, bir də ümid - üçü də -

Çabalayır bir qəhərin içində!..

 

Batan günəş, axan ulduz və bir də

Cüc qalmayıb dişim sıxan səbirdə!

Bilə, bilə yaşadığım cəbir də -

Bal daddırır, bal, zəhərin içində!..

 

Çöhrəmdəki təbəssümdən çən ağır

Nə dilədim, tərsi ilə tən yağır!

Göz önündə, açıq- aşkar mən fağır -

Gün sayıram "bir təhər"-in içində!