Əbülfət Mədətoğlu - Ana
Üstündə kədər bitən
İzini , axtardım mən...
Yuxumu şirin edən -
Dizini, axtardım mən...
Ana!
Səsləri sıraladım,
Çoxunu qaraladım...
Birini araladım -
Sözünü axtardım , mən -
Ana!
Dözüb hər cəfasına,
Diz çökdüm vəfasına...
Bir az əl havasına -
Gözünü, axtardım, mən -
Ana!
Çəkdiyim dilsiz dərdə
Könül vermə sən bir də!
Ünüm çatan hər yerdə
Üzünü, axtardım, mən -
ANA!
Bu da belə bir qədər...
Varmı , de, bundan betər?
Gün gələr, əlim yetər -
Özünü, axtardım , mən-
ANA!