DÜNYA KƏDƏRƏ QALIB - Əbülfət MƏDƏTOĞLU yazır
Bəli, qışın çox üzücü, necə deyərlər, zəhlə tökən havası var bu gün. Mənimlə razılaşmaya bilərsiniz. Elə çevrəmdəkilər də razılaşmırlar. Vurğulayırlar ki, cibində babat pulun, rahat şəraitin olandan sonra bütün havalar gözəldi. Rəhmətlik Rüfət Zəbioğlu demişkən, «Ələti də Yalta hesab etmək olar!». Təəssüf ki, bizim nə durumumuz, nədə ovqatımız Yaltalıq deyil. Ona görə də havanı qınayırıq, zamanın yaxasını sökürük və bir az da bir-birimizin üstünə gedirik, xətrinə dəyirik əsəblərimizi sakitləşdirmək üçün…
Təəssüf ki,bunlar hamısı qəlbə toxunur… ürəyə dəyir… qanqaraçılıq yaradır… əsəb üstünə əsəbgəlir. Necə deyərlər, dərd dərd gətirir. Təəssüf ki, gələn dərdi bölüşməyə həmdərd gəlmir. Onu da başa düşürəm. Çünki həmdərdinözü də öz dərdini çözməklə məşğuldur. Deməli, belə bir məqamda ümid yenə Allahaqalır. Yaxşı ki, ümid kəndirimiz kəsilməyib.
Bu yerdə yadıma rəhmətlik Vahid Əlifoğlu düşür. Onunxalq nağıllarımızın qəhrəmanlarından olan Məlikməmmədə ünvanladığı şeirin adı belə idi: Qaldı Məlikməmməd, qaldı quyuda… İndi biz quyunun dibindəyik. Ammaora iynə ucu boyda işıq da düşür, kəndir də sallanır. Faciə onda baş verəcəkki, həmin iynə ucu boyda işıq qeybə çəkiləcək, kəndirdə ki, lap dəhnədən,kötükdən doğranacaq.
Hə, mən bax belə bir ovqatla sözümün ucunu tapmağa çalışıram. İstəyirəm ki, dediklərimi,yazdıqlarımı tam səmimi qəbul edəsiniz. Düşünməyəsiniz ki, ruh düşkünlüyünün, həyatsıxıntılarının, iqtisadi zərbələrin təsiri altında olan-qalan ağlımı da itirmişəm.Bu dünyanın durumu elə bir nöqtəyə gəlib çıxıb ki, indi ağıllıların da fikirləşməsinə zaman qalmayıb. Dəlilərin çapdığı at, daha doğrusu, idarə etdikləri ən sürətli aparatlar, maşınlar heç tozlarını da görməyə imkan vermir. Ona görə də indi deyəsən ağıllıların da erası bitmək üzrədir.Və mən də bunu bir vəhylə hiss etməkdəyəm. Həmin hisslərin diqtəsiylə də adını çəkmədiyim və heç çəkmək də istəmədiyim bir ünvana yazdığım misraları ürəyimdə təkrarlayıram.
İndi - bəxtəvər vaxtındı,
Dərdin nübar dişi çıxıb.
Hamı gülür – demək bu gün
Hamının da işi çıxıb.
İnsanın dabölgüsü var
Oturağı, çölçüsüvar.
Hərənin özölçüsü var –
Dünya arvad,kişi çıxıb…
Ox yoxdusa, kaman nədi
Həyat nədi,zaman nədi?!
Tüpürməli zəmanədi –
Erkək olan dişi çıxıb.
***
Həyatın bütün özəlliklərinə baxmayaraq, insanın da fərd olaraq özünəməxsusluqları yetərincədir. Və həmin özəlliklə özünəməxsusluq bir yolda, rizdə qarşılaşanda və yaxud yolları paralel düşəndə baxıb görürsən ki, bu rəngarəngliyin içərisində bir xaos da var. Elə bir xaoski, onu ipə-sapa düzmək, onu sıralamaq, yerli-yerinə gətirmək və sonra da«FƏRƏQƏT!» komandası vermək o qədər asan olmur. Lakin bir məcburiyyət olduğundan insan o yükün altına da çiyin verir. Çünki şəraitdən çıxmağa məcburdu,bəlkə də məhkumdu. Ona görə də mən sözümün ucunda artıq deməyə çalışdığım fikirlərin ətrafında kol-kos doğramağı, necə deyərlər, qab-qaşığı bir-birinə vurmağı artıq bir kənara atmaq niyyətindəyəm. İstəyirəm ki, yolu bir az kəsəsalım. Bu fırlanmaları,bu dolayları qatlayıb qoyum dizimin altına. Axı kəsə yol mənzil başına tez çatmaq deməkdir. Doğrudur, dünyada bir mənzil var ki, ora yolun ölçüsü məlum deyil. Başlanğıc nöqtəsi məlum olsa da, son dayanacaq elə doğum anında taleyə yazılsa da, amma neçə illik, neçə aylıq, neçə günlük bir məsafəni keçib gedəcəyimiz öncədən nə yazılı şəkildə, nədə şifahi halda bizə bəyan edilir. Bunun özü hardasa insanın xoşbəxtliyidi. Yənibiz sonuncu günümüzü bilsək,bəlkə də bu dünyanı çoxdan zəlil günə qoymuşduq. İndi hələ heç nə bilməyə-bilməyə dünyanın başında türp əkirik, gününü göy əskiyə bükürük, sinəsini müxtəlif sınaqların meydanına çeviririk. Ona görə də təbii fəlakətlərin, müxtəlif xəstəliklərin sayı və çeşidi də artır. Qalırıq dava-dərman axtara-axtara…
Doğrudur,dünyanın müxtəlif nöqtələrində insanlar üçüncü növü təmsil edirlər. Onlar eksperimentlərin, sınaqların qurbanlarıdılar. «Ağ» insanlar, yəni dünyanı idarə edənlər pullarını artırmaq, imkanlarını daha da genişləndirmək üçün məhz həmino qurbanlıqlardan yararlanıblar. Və mən də özümü bəzən həmin o eksperimentlərinən alisinin, ən vacibinin, ən dəyərlisinin, ən önəmlisinin qurbanı sayıram.Çünki həmin eksperiment bir dənə, bir buğdaya nəfsini güdaza verənlərin, yəniAdəmlə Həvvanın zamanından başlayır. Cənnətdə kef içində yaşayan Adəm babamızlaHəvva nənəmiz günlərin bir günü guya bir buğdaya görə qəzəbə tuş gəliblər. Amma mənə elə gəlir ki, onlar sevgi qurbanlarıdılar. Çünki Adəmlə Həvva o boyda sevgidən sonra bir buğdaya tamah salmazdı. Bu, biz insanların uydurmasıdı. Deməli, bu dünyanın ən böyük aşiq-məşuqu elə Adəmlə Həvva olubdu. Bizim sevgimiz isə onların sevgisinin yanında bir şeh damcısıdı.Ona görə də öz-özümə hərdən təsəlli verərək yazıram:
Nə yaşıma, nəbaşıma uyğundu
Bir dəlilik nişanıdı bu sevgi…
Həm müqəddəs, həmdə həzin duyğudu –
Torpaq, hava, od və mənə su, sevgi!..
Gözlərinə uzaqdan, həm yaxından
Baxa-baxa asılanda yaxandan…
Olub məni yandırandan, yaxandan –
Son nəğməsin səsləndirən Qu, sevgi..
Xəyal qurmaq,gün keçirmək nağıl tək
Sona qalır ortalıqda ağıl - tək…
Aç tilsimin,bağladığım daxıl tək –
Ürəyini ürəyimdə yu, sevgi!..
***
Ömrün fəsillərəbölünməsi yəqin ki, ağıllıların ağlına gəlib. Daha çox da bu fikir yəqin ki şairlərə məxsusdu. Çünki yeri gələndə az-az uydurmaq onların işidi. Bax, bu mənada indi təkcə təbiətin deyil, həm də aid olduğun nəslin ömür payına düşən qışı yaşayırıq. Kim çıxacaq bu payızdan… kim çıxacaq bu qışdan… Onları düşünmək belə istəmirəm. Çünki düşünsəm də dəqiq bir qərar verə bilməyəcəm, dəqiq bir nəticə ortaya qoymaq mümkün olmayacaq. Bu, özü-özünü yormaqdan, özü-özünü fikirlərin burulğanında batırmaqdan başqa bir şey deyil. Doğrudur, bəzən insan özü istəmədəndə fikir onun yaxasından tutur. Çünk tökülən, saralan yarpaqlar özü pıçıldayır bu dediklərimi. Və biz də reallığın qarşısında susuruq,o məqama kimi gözləyirik ki, ordan sonra fəsilin yazı başlayır, yayı başlayır.Amma qışdan, payızdan çıxdığımız unudulur. Elə bil ki, heç ömrümüzdə olmayıblar…
İnsana məxsusolan bu qəribəlik, zənnimcə, elə insanın öz yaradıcılığıdı. Ayaqda qalmaq, sabaha inamla getmək yaradıcılığı. Bax, mən də dünyanın (yazımın əvvəlindəsöylədiyim kimi – Ə.M.) bu qarışıq, bu xaotik məqamında özüm üçün bir qərar qəbuletmişəm. Daha doğrusu, bunu öz kəşfim hesab edirəm. Biz azaldıqca dünyada kədərin meydanı genişlənir. Yəni dünya kədərə qalır… kədər sahib olur dünyaya…
Bir az ağrılı,bir az nostalji olsa da, mən indi dünyanın daha çox kədər ünvanı olduğuna,dünyanın daha çox kədərin caynaqlarına keçməsinə şübhə etmirəm. Elə o şübhələrə qalib gəlmək, özümü dözümlü göstərmək üçün yazmışam:
Bir tənhalıq,bir sükut
Hamilə qara bulud…
Güllələnmiş son umud –
Dünya kədərə qalıb…
Bir nişangah,bir nişan
Nişangahdı pir,nişan…
Yer də, göy də pərişan–
Dünya kədərə qalıb…
Gündüz qan-tər, gecə qor
Bir ağac var oda dor!
İçim, çölüm ancaq gor –
Dünya kədərə qalıb…
Səsim yetim,sözüm nəm
Güləşirəm özümnən…
Dünya düşüb gözümdən –
Dünya kədərə qalıb.
Heyrət, diqqət calaqdı
Üst-üstədi,qalaqdı…
Hər halıyla alaqdı –
Dünya kədərə qalıb.
Bəli, indi sevincdən çox kədərin at oynatdığı, təbəssümdən çox göz yaşımın bəzədiyi bu dünya mənə görə kədərə qalıb. Sizə görə isə?.. Onu özünüz müəyyənləşdirin.Sonra deməyin ki, haqqınıza şərik çıxdım.