Bu çox  ağır cinayət əməlidir - Millət  vəkili

HÜQUQ 09:58 / 07.11.2024 Baxış sayı: 3224

Bu gün Azərbaycanda qanunsuz yollarla plastik cərrah olan və hazırda fəaliyyət göstərən 50-yə yaxın həkimin adı açıqlanıb. Yayılan məlumatlarda bildirilir ki, onlar rüşvət müqabilində saxta sənədlər alaraq plastik cərrah kimi qeydiyyatdan keçiblər. Əvvəllər bioloq, stomatoloq kimi çalışan bu şəxslər sonradan qanunsuz yolla ixtisaslarını dəyişib plastik cərrah olublar. Açıqlanan siyahıda estetik əməliyyat sahəsində tanınmış adlar da var. 
 
Mövzu ilə  bağlı  millət  vəkili Tahir Rzayev vurğulayıb ki, cərrahlıq ən məsuliyyətli peşədir, mükəmməllik, dəqiqlik tələb edir:

“Bu peşə sahibləri bilavasitə insanların həyat və sağlamlığına cavabdehdirlər. Təəssüflər olsun ki, son illərdə plastik cərrah kimi qeydiyyatdan keçib cərrahi əməliyyatlar aparanlara rast gəlinir. İnsanları şikəst etmək cinayətdir. Bu işlə məşğul olanlar insanların həyatını göz qabağına gətirməli və ciddi düşünməlidirlər. 

Uğursuz plastik əməliyyatın qurbanı olmamaq üçün mütləq həkim barədə, klinika barədə məlumat əldə etmək lazımdır. İnsanlar öz həyatlarını əmanət etdikləri həkim haqqında kifayət qədər məlumat almadan, onun peşəkarlığından əmin olmadan həyatlarını təhlükəyə atmamalıdırlar. 

Müvafiq orqanlar da bu sahədə fəaliyyəti canlandırılmalıdır. Saxta sənədlə plastik cərrah kimi fəaliyyət göstərənlər, eləcə də onlara meydan verənlər barəsində ciddi ölçü götürülməli, insanlar bu barədə maarifləndirilməlidirlər”.