Bəhram Bilaloğlu : - Zülmün mənbəyi olan beyin və ürəyin həyatımıza təsiri
İnsanın zehni və qəlbi,beyni və ürəyi onun həm ən böyük neməti, həm də ən ağır yüküdür.Beyinin ürəyə ötürdüyü fikirlərin amputasiya olunduğu dövrdə yaşayırıq, bəlkə də, insan yarandığı gündən belə olub, buna baxmayaraq hər iki orqan insanı zülümə sürükləyir.Bu fikir təkcə bu günə aid deyil, insanlığın çoxəsrlik daxili mübarizəsinin ifadəsidir.
Beyin düşünür, ölçür, biçir, qərar verir. Ürək isə hiss edir, sevər, acı çəkər. İnsan bu iki qüvvə arasında daim mübarizə aparır. Əgər beyin ürəyə nəyisə danışa bilmir,ürək də onu dinləmirsə, insanın içində bir boşluq yaranır. Bu boşluq isə zamanla daxili gərginlik və mənəvi zülmə çevrilir.
Müasir dövrdə insanlar düşüncələri ilə hərəkət etməyə meyllidirlər. Duyğular çox vaxt ikinci plana atılır, sanki hiss etmək zəiflik kimi görünür. Digər tərəfdən, yalnız hisslərinə tabe olub düşüncəni bir kənara atanlar da olur. Nəticədə insan ya başqasına qarşı zalimə çevrilir, ya da özünü susduraraq cisminə və ruhuna zülm edir.
Tarix boyu bu daxili qarşıdurma insan həyatının əsas dilemması olub. Ağıl və duyğu arasında balans pozulanda, insan nə qərar verə bilir, nə də rahat yaşaya bilir. Beyin ürəyin nə dediyini anlamırsa, ürək də beyni qəbul etmirsə, ortaya çıxan nəticə xaos və əzab olur.
Əsl insanlıq isə düşüncənin və duyğunun bir-birini başa düşməsi ilə mümkündür. İnsan həm düşündüyünü duya, həm də duyduğunu anlaya bildiyi anda, daha sağlam, daha səmimi bir həyat yaşaya bilər. Bu ikisinin bir-birinə doğru addım atmadığı hər çağda isə, insan öz içində azacaq, öz varlığına zülm edəcək.Bütün bunları nəzərə alaraq çalışmaq lazımdır ki,hər ikisini ruhunla hiss edib,düzgün qərar və analizlərlə yaşayasan.Bu arada Alman filosofu Friedrich Nietzsche in bir fikri var idi, onu yazım,O deyirdi ki, "Ən böyük fikirlər ürəkdən gəlir."qeyd etdiyim kimi,ürək hiss edir, sevir, sevgi ilə yaşamaq daha gözəldir.
Bütün gözəlliklər sizinlə olsun!