Bəhram Bilaloğlu : - Neçə şeirləri dəfn etdim

Neçə şeirləri dəfn etdim,gəldim-
Uğursuz çox anlar, yaşatdı deyə.
İlahi verdiyi ilhamla yazdım-
Ruhumu dik tutdum,qoymadım əyə.
Nisgildən,kədərdən gəldiyin gördüm-
Yazmadım varaqa,ötürdüm, getdi.
Sevincdən gətirən, misraları mən-
Ağrıyan canlara, köçürdüm, bitdi.
İncə könüllərə yol tapan kimi-
Yolları vəsf etdim,sətir yaratdım.
Mənası dərindən,dərin sözləri-
Nakam adamların,qəlbinə atdım.
Elə bil yaz idi,rəngli çiçəklər-
Solğun ürəklərə rənglər saçırdı.
Nemətlər dünyada saysız olsa da,
Bağban da,bülbül də,rəngdən qaçırdı.