Bəhram Bilaloğlu : - İnsanın həyatda daşıdığı yük...

YAZARLAR 09:55 / 09.07.2025 Baxış sayı: 3060

İnsanın üzərinə düşən mənəvi və maddi yükün düzgün formada paylanmaması zamanla insan ömrünü məhv etməkdən ötrü zəhərə çevrilir.

İnsanın həyatda daşıdığı yük təkcə çiynindəki çanta, ya da cibindəki borc deyil. O, həm də qəlbində gizlətdiyi acılar, ruhunu sıxan düşüncələr, içində qopub dillənə bilməyən fəryadlardır. Bu yüklər bəzən səssiz-səmirsiz toplanır, artdıqca ağırlaşır və bir gün içimizdəki bütün saf duyğuları zəhərə çevirir. Elə bir zəhər ki, təkcə bizi deyil, ətrafımızdakıları da təsiri altına alır.

İnsan bu yükün altında tədricən dəyişir. Baxışlar donur, gülümsəmələr itir, danışmaq istəyi susqunluğa çevrilir. Həyat bir yükə, günlər bir səbr imtahanına dönür. Bəzən insan yaşadığını hiss etmir, sadəcə var olur — nəfəs alır, amma yaşamır.

Ən ağrılısı isə budur: bu yükü daşıyanı çox zaman nə yaxınlar görür, nə də özgələr anlayır. Çünki bu, gözlə görülən bir yük deyil. Ruhun dərin qatlarında baş verən sükutlu bir dağıntıdır. İnsan bunun fərqində olmadan ətrafdakı səslərin içində təkliyə qərq olur. Bəzən sadəcə “səni başa düşürəm” deyən bir cümləyə həsrət qalır.

Amma anlayış yoxdur. Duymaq istəyən qulaq, uzanan bir əl, ya da sadəcə dinləyəcək bir ürək... — yoxdur. Bu yoxluq, insanı öz içində sürgünə göndərir. Ağıla gəlməyən, hətta bəzən insanın özü üçün də izahı çətin olan ruh halına salır.

Bu səbəbdən, yükümüzü tanımaq, paylaşmaq, zamanında danışmaq həyati əhəmiyyət daşıyır. Unutmamalıyıq ki, hər kəsin bir daşıma həddi var. Hər ruh hər ağrını gizlədə bilməz. İnsanı yaşadan təkcə ürək döyüntüsü deyil, həm də ruhunun azadlığı, duyğularının nəfəs almasıdır.

Əgər bunlar yoxdursa — insan diri olsa da, içində yaşamaq deyilən hiss çoxdan ölüb..

Bütün bunları nəzərə alaraq,biri birinizi sevin,dəyər verin.

Belə məqamda zamana aid bir fəlsəfi deyimi xatırlayıram, sevdiklərinizə zaman ayırın, yoxsa, zaman sizi onlardan ayıracaq.