Bəhram Bilaloğlu- İnsanın dəyəri pulun kölgəsində olanda

YAZARLAR 08:28 / 10.11.2025 Baxış sayı: 1142

 

Bu gün cəmiyyətimizin ən böyük paradokslarından biri budur: uşaqlarımız böyüyür, amma böyüdükcə kiçilir — mənəvi ölçülərdə. Onların gözündə dünyanın mərkəzinə insan yox, pul yerləşib. Sanki həyatın məqsədi saf duyğular, bilik, ədalət, mərhəmət deyil, yalnız qazanmaq, toplamaq və başqalarından öndə olmaqdır. Bəs niyə belə oldu? Niyə gələcək nəsil qəlbin işığını deyil, cibin ağırlığını ölçür?..

Bu sualın cavabı bir az bizdədir, bir az da zamanın axarında. Biz uşaqlara həyat dərsini bəzən yanlış kitabdan oxutdurduq. Onlara dedik ki, “oxu, ki, varlı olasan”, amma demədik “oxu, ki, savadlı və vicdanlı olasan”. Biz onlara təbiəti sevməyi, ağacı qucaqlamağı, heyvanı qorumağı, bir çiçəyi əzməmək üçün addımını dəyişməyi öyrətmədik. Biz onlara insan olmağın nə qədər uca bir məqam olduğunu anlatmadan, uğur dediyimiz soyuq bir sözün arxasında gizlətdik insanlığın istiliyini.

Əslində, pul pis deyil — amma pulun quluna çevrilmək, ruhun səltənətini itirməkdir. Uşaqlar bunu bizdən öyrəndilər. Biz reklamlarda, söhbətlərdə, məktəbdə və evdə, hər yerdə “necə qazanmaq”dan danışdıq, “necə yaşamaq”dan yox. Biz torpağın nəfəsini, suyun göz yaşını, təbiətin səssiz fəryadını onlara eşitdirmədik.

Bəs nə etməliyik? Gələcək nəsli yalnız maddi yox, mənəvi zənginliklə böyütmək üçün bir inqilab — ruh inqilabı lazımdır. Hər uşaq bilməlidir ki, ağac kəsmək asandır, amma kölgə yaratmaq çətindir. Bir canlıya zərər vermək bir saniyəlik hərəkətdir, amma mərhəməti dərk etmək ömürlük insanlıq tələb edir.

Əgər biz onlara mədəniyyəti, təbiəti, mərhəməti sevdirə bilsək, onda bu torpağın sabahı parlaq olacaq. Əgər biz onları rəqəmlərlə deyil, dəyərlərlə böyütsək, onda gələcəkdə “neçə qazandım?” yox, “neçə könül qazandım?” deyə düşünəcəklər.

Çünki əsl zənginlik, pulun səsində deyil — vicdanın sükunətə qərq olmasındadır.