Ayaz Arabaçı - YOXDUR

Ədəbiyyat 08:38 / 22.09.2025 Baxış sayı: 2429

Pozulub Tanrıdan gələn naxışlar,

Nifrətə çevrilib qanlı baxışlar,

Damır təpəsindən qara yağışlar,

Fərli ev də yoxdur, eşik də yoxdur.

 

Nə söz var, qulaqda sırğalamağa?

Başlayın di görək, zırvalamağa..

Yığıb xəyalları yırğalamağa,

İçimdə bir isti beşik də yoxdur.

 

Gəlib bu torpağa düşmüş əsirəm,

Məni bilən bilir, kiməm, nə sirəm,

Bir həsir, bir də ki, Məmmədnəsirəm,

Adıma bir dənə yeşik də yoxdur.

 

Həyat şairiynən "prikol" oynayır,

Gah tavan ağnayır, gah pol oynayır,

Cibimdə siçanlar futbol oynayır,

Hakimlik etməyə pişik də yoxdur.

 

Qarışıb şəhərdə acı-şirinə,

Sabun çatdırmırıq dərdin kirinə,

And olsun "müqəddəs" deşik pirinə,

Girməyə bur dənə deşik də yoxdur..