Ayaz Arabaçı - Səcdəsinə əyilibdi çiçəklər,

Ədəbiyyat 09:52 / 10.09.2025 Baxış sayı: 3652

 

Səcdəsinə əyilibdi çiçəklər,

Görən kimin qızıdı ey, bu şıq qız.

İndən sonra zülmətlərdən qorxmuram,

Gəlib çıxdı taleyimə işıq qız.

 

Yuxudumu,açammıram gözümü,

Udqunuram boğazımda sözümü,

Mən bu eşqə qurban dedim özümü,

Səndən ötrü qanım bircə qaşıq, qız.

 

Bilirmisən mən ac quşam, sən də dən,

Aramızda ayrılığa yox nədən,

Axı niyə qovuşmuruq ruh-bədən,

Elə bil ki, ikimiz də daşıq, qız.

 

İçim yandı dodağından su eşqə,

Tanrı verib qüdrətini bu eşqə,

Bircə dəfə qanad versək qu eşqə,

Sən Leylidən, mən Məcnundan başıq, qız.

 

Ölən vaxtı dirilə, vur hesabla,

Latına vur, kirilə vur hesabla,

Bir günümü bir ilə vur hesabla,

Nə müddətdi könlüm sənə aşiq, qız

 

Mən dedimsə, sən əmin ol, sən, əmin.

Min arzum var, min duam var sənə, min,

Saçlarını tök üstünə sinəmin,

Çəkim sənə yorulmadan keşik, qız.

 

Əyilmişəm ağ buluddan büstünə,

Elə et ki, kor olmayım tüstünə,

Al başımı dizlərinin üstünə,

Lazım deyil mənə bir ev-eşik qız,

 

Deyinirəm bütün günü qarıtək,

Dolanaram hey başına arıtək,

Çox təmizsən ilk yanvarın qarıtək,

Nə yaxşı ki, belə safsan, uşaq qız,

 

Ürəyimin alovusan közüsən,

Dilim dinsə ən birinci sözü, sən.

Bəlkə elə ilahini özüsən,

Sənin kimi bir gözələ nə şəkk, qız.

 

Öpüşərik sübhə kimi bəsdi nə?

Dayanarıq ayrılığın qəsdinə,

Uzanarıq göy çəmənlər üstünə,

Nə lazımdı bizə yorğan-döşək, qız.

 

Bir havaydın dolanırdın başımda,

Tapdın məni "99" yaşımda,

Çiçəklədin kipriyimdə qaşımda,

Səndən ötrü öldüm ey mən, qəşəng qız.

 

İkimiz də axar suya dönmüşük,

Eyni səsdə eyni notda dinmişik,

Eşqin dəli köhləninə minmişik,

Biz bu atdan indi necə düşək, qız?

 

Bu dünyanı çalıb - çapıb gələrəm,

Ayrılıqdan səni qapıb gələrəm,

Gəl deyərsən ağ at tapıb gələrəm,

Mən dedimsə eləyərəm bişəkk, qız.

 

Dilim sözə rəndə vurur biləsən,

Bu şəhəri kəndə vurur biləsən,

Qəlbim bu an səndə vurur biləsən,

Atıl mənim ürəyimə fişəng qız.

 

Əfsunlayaq, sehirləyək bu eşqi,

Əzizləyək, mehirləyək bu eşqi,

Gir qoynuma möhürləyək bu eşqi,

Nə vaxtacan uzaqlardan şişək, qız.