Ayaz Arabaçı : - Küləklər,yağışlar daimi deyil...

Küləklər,yağışlar daimi deyil,
Gəlir və qayıdıb yerinə gedir.
Könül quşumuzun vəfası yoxmuş,
Birindən ayrılıb,birinə gedir..
Duyğular əslində adam aldadır,
Ən gözəl sevgilər edam altdadır,
Acı da şirin də bir dam altdadır,
Amma hey ağlımız şirinə gedir..
Ayrılır,sağlardan sollar,ayrılır,
Sarmaşan-dolaşan qollar ayrılır,
Bəlli bir mənzildə yollar ayrılır,
Hərə öz dərdinə-sərinə gedir.
Uçursan,durnalar köçünə almır,
Batırsan gəmilər içinə almır,
Ayrılıq heç kimi vecinə almır,
Xeyrinə tələsir,şərinə gedir..
Bürüyür sinəndə sərsəri çatlar,
Tövşüyür altında ən bədöy atlar,
Bir vaxtlar quş kimi uçan saatlar,
Sonralar ərinə-ərinə gedir..
Acı tər qoxuyur bütün ətirlər,
İtir yaddaşından köhnə titrlər,
Titrədib üşüdür termometrlər,
Havalar baş alıb sərinə gedir..
Solur şirə çəkib şəhd elədikcə,
Pozur and içdikcə,əhd elədikcə,
Öpüb sağaltmağa cəhd elədikcə,
Yaralar bir az da dərinə gedir...