Ayaz Arabaçı : - balaca bir çadır qurdum,çay qırağında..
balaca bir çadır qurdum,çay qırağında..
xəyalları bir-birinə düyüb, caladım.
sonra üç-dörd balıq tutdum qürub çağında,
bir az quru odun yığıb ocaq qaladım.
bir nəğmə də gümüldəndim ürəyəyatan,
arıları umsundurdum pətəklərində.
dağ keçisi balasını əmizdirirdi,
qorxulu bir sıldırımın ətəklərində.
zirvələri göy tavanlı ulu Şah dağı.
çevirmişdi bir nəfəsə ruhumu süstə.
unutmuşdum ayağımın altda baxmağı,
bir dəfə də uçub gəldim təpəsi üstə.
uzanmışdı bir daş üstə balaca itim,
hərdən baxıb uzaqlara zingildəyirdi.
yarpaqların arasından alışıb-yanan,
qara, dadlı böyürtkənlər təzə dəyirdi.
genişlikdən,azadlıqdan vəcdə gəlmişdi,
oxuyurdu torağaytək sinəmdə ürək.
qayaların ətəyindən üzülüb gəlib,
gah alnımdan,gah üzümdən öpürdü külək.
ayaqlarım qucaqlaşıb mürgü vururdu,
bir siqar da yandırmışdım kefim xeyli saz..
sonra qəfil hər tərəfi sardı çən-duman,
ağladılar-sıtqadılar buludlar bir az..
mən də tamam kövrəlmişdim, və nə yaxşı ki.
bu gecəni sabahacan yalqızdım-təkdim.
qurdaladım bir çubuqla sönmüş ocağı,
isti külün qoxusunu sinəmə çəkdim.
zaman-zaman,yana-yana arzuladığım,
o yerləri bir həftəyə gəzib doymuşdum..
çox şükür ki,mən o zaman xatirələri,
əlim çatan,ünüm yetən yerə qoymuşdum..