Ayaz Arabaçı : - Adam bir gün

Ədəbiyyat 10:58 / 18.04.2024 Baxış sayı: 847

Adam bir gün

heç bir şeydən təsəlli tapmır,

Ümidləri yoxa çıxır səba yelində.

Köhlənini qabaqkıtək, şövq ilə çapmır,

Eləcə bir daşa dönüb qalır yerində.

 

Bir qurumuş budaq kimi

keyiyir qolu,

Ürəyində qalaq-qalaq qəm filizləşir.

Qəfil bir gün bir yoxuşda dirənir yolu,

Yetimləşir, qəribləşir, kimsəsizləşir.

 

Səpələnir səhralara

qəlbinin külü,

Kömək olmur, can həkimi, ürək həkimi,

Bir zərbədən çiyni enir, qəddi bükülür,

Daş dövründən gəlib çıxmış abidə kimi..

 

Çiçəklənir üzündəki ağrının izi..

Nə dad qalır, nə tam qalır hissiyyatında,

Sönüb gedir gözündəki alov dənizi,

Cövlan edir acı rüzgar yeddi qatında..

 

Bədənindən qopub düşür əli-ayağı,

Yaddaşında beş-üç vərəq pozuq əsatir.

Qaranlıqda dalğalanan kölgəsayağı,

Nəfəs alır öndəki son limana xatir..