Aslan Mehdiyev : - Onun simasında bir ziyalımızı da itirdik

Hər dəfə el-obamızın sayılıb, seçilən adamları barəsində acı xəbər eşidəndə daxilən üzülürəm...Həmyerlilərimin vaxtsız,həm də doğma yurdlarından uzaqda dünyaların dəyişməsi həqiqətən çox ağırdı...Amma nə etmək olar! Həyat belədir ...İnsan doğulur , yaşayır və köçür... Sadəcə bu yolda iz qoymaq, rəhmətlə xatırlanmaq məramını gərək özün üçün əsas məqsəd edəsən! Bax , bu MƏQSƏD də insanın dünyasını dəyişəndən sonra ikinci ömrünü yaşamasına başlanğıc olur...
Bütün rayon sakinləri kimi, Mahmud Qacarın rəhmətə getməsi xəbəri mənim də qəlbimi ağrıdı.. Çünki mən onu bir jurnalist, bir şair və xüsusi ilə bir ZİYALI kimi çox yaxşı tanıyırdım.. Özü də bu yaxından tanımağım rayonumuzun işğalı ərəfəsində, kəndlərimizin düşmən hücumuna məruz qaldığı vaxtlarda daha da dərinləşdi... Belə ki, Mahmud müəllim rayon mərkəzində işləyib yaşasa da doğulduğu Qacar kəndi üçün çox narahat idi...Ona görə də düşmənin Qacar ətrafında atdığı hər bir addıma ürək ağrısı ilə reaksiya verirdi...Kəndə , Qacar sakinlərinə atılan daş da sanki onun özünə atılırdı. Bu səbəbdən də mənimlə hər qarşılaşmada , "Bu işlərin axırı necə olacaq?"- deyə soruşurdu.
Yadımdadır ,soyuq qış gecələrindən birində sərhəd kəndlərimizdəki postları yoxlayırdım ...Bu vaxt xəbər verdilər ki, ermənilər Qacar istiqamətində hücum ediblər... Tez əlavə qüvvələr cəlb etmək üçün maşını Qacara sürdürdüm...Gedəndə kəndə yolun kənarında köməyə tələsənlərin arasında Mahmudu da gördüm...Əliyalın , hövlank bir vəziyyətdə kəndinin hayına , harayına tələsirdi Mahmud Qacar!
Bu gün, Tanrı dərgahında olan Mahmud çox həssas , həm də kövrək adam idi..İndi də onunla olan görüşlərimi xatırlayanda ilk yadıma düşən onun özünəməxsus bir abır, həya sahibi olmasıdı.İnanın ki, hərdən mənə elə gəlirdi ki, Mahmud bu zamanənin adamı deyil.. Onun daxili tərbiyəsi, ziyalılığı ona həmişə öz dünyasında , öz yaradıcılığında yaşamağa və özü olmağa dəstək verirdi...Elə öz dünyası olduğu üçün də Mahmudun yaradıcılığı da özü kimi səmimi idi.
Düşünürəm ki, elimizin dəyərli ziyalılarından biri kimi Mahmud Qacarın da xatirəsi onu tanıyan və onu oxuyan hər kəsin qəlbində yaşayacaq. Bu isə həm də onun özünün bizim aramızda olması deməkdir! Ruhu şad olsun, Mahmud Qacarın!
