Arzu  Hüseyn : - Nə yaxşl ki …

Ədəbiyyat 07:47 / 06.11.2024 Baxış sayı: 3476

Gedən yolum uzaq deyil,yaxındır.

Qorxutmuram, şübhəsiz ki bilirsən.

Dizlərindən öpənlərin çoxundur,

Sənsə mənim tək telimə əsirsən.

 

Demirəm ki, yoxdur məndən gözəli,

İllər qoymaz budağımda bar qala.

Bilirəm ki, sənin üçün özələm,

Özgə biri ürəyinə dar qalar.

 

Müşkül olub gözlərimdə od yana,

Közü sönüb o ocağın, zamansız.

Amma sənin yaxınında şadyana,

Yaşayaram milyon-milyon adamsız.

 

Üzərimdən tufan keçdi, nə qaldım?

Bap-balaca qorxulara div dedim.

Parça-parça, hissə-hissə azaldım,

Məni belə bircə ovuc sev dedim.

 

Ömrə daha calanacaq zaman yox,

Bu dünyaya taleyimlə tən gəldim.

O ki, sandım mənə görə adam yox,

Ən ümüdsüz zamanımda sən gəldin.

Nə yaxşl ki …