Arzu Hüseyn : - Nə şöhrət istədim, nə tac istədim,

Ədəbiyyat 12:32 / 14.07.2025 Baxış sayı: 986

Nə şöhrət istədim, nə tac istədim,

Məndə səadəti bu qədər gördüm.

Özümü adam yox, ağac istədim,

Özümü bir ovuc su qədər gördüm.

 

Dedim, torpaq olum, dedim, daş olum,

Qarışım tarixə, qovuşum heçə.

Toz olum, qum olum, yelə tuş olum,

Uyuyum bir sərçə kirpiyindəcə.

 

Bəşərin ən şirin yuxusu olum,

Nə yox xatırlasın, nə də var məni.

Hər bahar yasəmən qoxusu olum,

Sürtsün qanadına arılar məni.

 

Görmədim bir ömür, ömürdən qısa.

Baxma ki, həyata meyilik, Allah.

Yaşamaq bu biçim yaşamaqdısa —

Nə yaxşı ölümsüz deyilik, Allah.