Arzu Əsəd - Rus xalqı özünü tarixin girovuna çevirib
Mediyada Rusiyada ksenofob şovinistlərin mühacirlərlə vəhşi münasibəti və Rusiya hüquq-mühafizə orqanlarının Yekaterinburqda öldürülmüş Səfərov qardaşlarının cəsədləri üzərində etdiyi qeyri insani əməllərlə bağlı yeni məlumatlar verilir.
90-cı illərin başlanğıcından bu tərəfə hər dəfə Rusiyaya, onun mərkəzi şəhərləri Moskva və Peterburqa gedəndə yerli əhalinin son dərəcə mədəni, istiqanlı münasibətilə yanaşı dəfələrlə ayrı-ayrı şovinist şəxs və qruplar tərəfindən vəhşi münasibətlərlə qarşılaşmışam. Qatarda, avtobusda, metroda, küçədə, parkda, binanın blokunda, klublarda, liftdə... Bunları yazsam hər biri bir aksiyon filmin ssenarisi olar. Bələ hadisələr ora gedən hər bir azərbaycanlının başına gəlib.
Hələ orada qalan azərbaycanlılar gündəlik müharibədəymiş kimi artıq on illərdir ki, bu şəraitə uyğunlaşıb yaşayırlar. Ayıdan qorxan meşəyə girməz. Rusiya həm də türkün qan yaddaşıında diri qalan qədim məskəni, vətənidir. Azərbaycanlıları ora çəkən təkcə çörək qazanmaq, varlanmaq ehtirası deyil, damarlarındakı qanda yaşayan nəsillərin, steplərin-çöllərin, meşələrin... çağırışıdır. Rus əhalisi hər il yarım milyondan bir milyona qədər azalır. 3-4 əsr bundan əvvəl tarixi şəraitdən istifadə edib böyük əraziləri türklərin əlindən alan şovinist ruslar bu gün ilahi ədalətin bərpa olunduğunu, olunacağını, bunun geridönməz, qarşısıalınmaz, zəruri bir proses olduğunu, zamanın seytnotunda uduzduqlarını görüb, hiss edib çılğınlaşırlar.
Rusiyada yaşayan azərbaycanlıları çörək ardınca vətəni tərk edib gedən həmyerlilərimiz adlandırmaq yanlışdır, dar düşüncəlilikdir, əsil mahiyyəti görməməkdir. Siz bir də buna fərdin deyil, növün yaşam mübarizəsi perspektivindən baxın. Onlar vətənə sahib çıxmaq üçün vətəndən vətənə gedib mücadilə edənlərdir. Rusiya əhalisi patriotdur, vətənpərvərdir. Amma eyni zamanda, sirr deyil ki, ümumiləşdirilmiş şəkildə götürsək, təfəkkür baxımından müəyyən mərhələləri adlamış informasiyalı, bilikli, fərdi düşüncə və münasibəti olan, mədəni insanlardır.
Rusiyada kütləvi şəkildə faşizmin doğuşu artıq mümkün deyil. Onlar əvvəl-axır bu ilahi ədalətlə barışacaqlarını çox yaxşı bilirlər. Rusiyada baş verən hadisələri bütün rus xalqı adından təqdim edib kütləvi panika yaratmaq cəhdləri bizim mənafeyimizə xidmət etmir. Həm Rusiyada yaşayan azərbaycanlılar 30 ildən artıqdır ki, o mücadilənin içində bərkiyib hər cür gözlənilən prosesə qarşı immunitet qazanıblar, həm də daha Rusiyada umumi əhali arasında mühacirlərə qarşı kutləvi faşizm hərəkatı yaratmaq mümkün deyil.
Bizim mediyada,sosial şəbəkələrdə də "ruslar, ruslar, ruslar" deyərək Rusiyada törədilən cinayətləri bütün rus millətinin ayağına yazmaq, beləliklə də, bizim əhalinin içində ksenofobiya və şovinist əhvali-ruhiyyə yaratmaq cəhdləri bağışlanılmaz səhvdir. Bu təhriklərə qoşulmamalı, rus xalqının özünün tarixin girovuna çevrildiyini anlayıb münasibətlərimizin rasional çərçivədən çıxmaması üçün əlimizdən gələn hər şeyi etməliyik.