Arzu Əsəd - Bir-birinizi bloklamayın!
Kimin sözü kiminlə düz gəlmirsə, deyir atdım bloka. Hətta dostluğunda olanlardan da tələb edir ki, o filankəsin adını çəkmə, yoxsa səni də ataram bloka. Yaxşı, biz onda kiminlə mübahisə edək, kiminlə fikir bölüşək? Elə ancaq bizimlə razı olanlarla, ancaq bizim izzəti-nəfsimizi sığallayanlarla? Onda inkişafdan qalarıq. İnkişaf üçün əks fikirlər lazımdır, fikir ziddiyyəti, fikir toqquşmaları lazımdır. Heç kim mütləq həqiqətin daşıyıcısı deyil.
Hər kəs həqiqətin bir yönünü daşıyır. Fikirlər bölüşdükcə, qarşı-qarşıya gəldikcə, təfəkkür mübarizəsi getdikcə tərəflərdə olan həqiqətin hissələri də bir-birləri ilə birləşir, vahid, ümumi bir qənaətə doğru gedilir. Özünü oponentindən, ona əks fikir söyləyəndən məhrum edən şəxs özünə ziyan vurur, müəyyən zaman kəsimində eqosunu, nəfsini tətmin edir, lakin beyninin, qəlbinin, ruhunun inkişafına mane olur. Düşüncədə başlayan konfliktlər düşüncədə də sona qədər həll olunmalıdır, belə olduqda bu konfliktlər insanların şəxsinə, küçə və meydanlara daşmır. Əks fikrin daşıyıcısına can düşmənin, qan düşmənin kimi baxmalı deyilsən, onun fikri ifadə edəndə qıcıq yaradan səsinin tonuna da, jestlərinə də, ifadə tərzinə və səviyyəsinə də.
Mühüm olan fikrin özüdür. Bu fikir ümuma, mill düşüncənin, ictimai şüurun inkişafına zərərlidirsə, yəni sən bunu zərərli sayırsansa, ümumun bir parçası, cəmiyyətin, millətin bir üzvü olaraq ona qarşı olan fikri meydana qoymağa məsulsan. Adamı blokladın, sən nə əldə edəcəksən, cəmiyyət nə qazanacaq?
Hərə müəyyən bir qrupu əhatəsinə yığıb öz bildiyini çalıb-oxuyacaq, ümumi ahəng pozulacaq, eyni millətin övladları, eyni cəmiyyətin üzvləri fikirlərini ifadə edib bir-birlərinə çatdıra bilmədiklərinə, eqolarını, cılız nəfslərini təmin edə bilmədiklərinə görə bir-birlərinə düşmən kəsiləcəklər, tülkü uzaqdan görüb bu haləti, baxacaq ki, qalmayıb heç birinin taqəti, yenə özünün ayır-buyur siyasətini salacaq işə. Gələcək nəsillər də yenidən əsarətin boyunduruğunda, qəbrimizə üz tutub deyəcəklər ki, o boyda azadlıq, müstəqillik də əldə etdiniz, torpaqları düşmən caynağından da qurtardınız, sadəcə normal məntiqlə düşünməyi, iyirmi birinci əsr insanı olaraq bir-birinizlə mübahisə və müzakirə edib fikir bölüşməyi, həyatı bölüşməyi bacarmadınız, iti də verdiniz, ipi də yenidən düşmən əlinə.
Onda gorumuz sızlayanda çox gec olacaq. Bir-birinizi bloklamayın!