Aləmzər Sadiqqızı - Özümlə bərabər səni bitirdim ...
Deyirsən gözünə dolan yaş nədir?
Deyimmi içimə dolan sözləri?
Açımmı sirrini sənsiz ömrümün?
Deyimmi nagılın dolan gözlərin?
İllərdir gözümün önündən getmir...
Gözündən süzülən o bir damla yaş,
Mənim də ömrümə son nöqtə oldu,
Göynədir içimi o bir damla daş...
Kiritdim könlümü min bəhanəyə,
Mən özüm özümə qəsd eləmişəm...
Asmışam ömrümü sənsizliyimdən,
Özüm öz başıma dərd ələmişəm.
Geriyə dönməyə yol buraxmadım,
İndi dayanmışam yol ayrıcında...
Biri gedər-gəlməz, biri sənsizlik,
Bir sözüm ağlayır dilim ucunda...
Mən sənin könlünə vurduğum xəncər,
İllərdir qayıdır başımı kəsir,
Hələ də qarşında yarpaq misalı,
Sözlərim titrəyir, ürəyim əsir...
Bağışla deməyə cəsarətim yox,
Olsa da itirdim mən bu haqqımı...
İndi gözlərinə baxa bilmirəm,
Yandırdım əlimlə mən öz baxtımı.
Səndin yollarımda doğan Günəşim,
Səndin zülmətimə parlayan Ayım...
Sən mənim nəyimdin, nələrin idin...
Mən necə söyləyim ,mən necə sayım?
Gecdi əllərimdən gəlib tutasan,
Mən öz əllərimlə səni itirdim
Aləmi əlimlə öldürmüşəm mən...
Özümlə bərabər səni bitirdim ...
7.10.2025.