Aida  Adıgözəldən  BİR  BAXIŞ

YAZARLAR 08:50 / 14.07.2024 Baxış sayı: 2656

Hərdən fb dostların film tövsiyələri, izlədikləri filmin təəssüratları haqqında olan postlar çıxır ana lentdə qarşıma. Açığı özümlə müqayisədə təəccüb qalıram o filmləri sadəcə film kimi necə izlədiklərinə. Çünki mən də əvvəllər bəli, sadəcə film kimi izlərdim kinoları. İndi yox! Ya əsəblərim yaşadıqlarımdan yorulub gərgindir, ya da həyat təcrübəm filmlərdən daha çox ağır gəlir mənə. Hərdən bir neçə dəqiqəlik izləyirəm, hiss edirəm filmin təsirinə düşürəm və ürəyimin sos siqnalları beynimə impulslar göndərir ki, tez ol çıx! Mən o ağırlığa davam gətirə bilmirəm, yaşamağa təhəmmülüm çatmır, ölürəm...

Yəni o dərəcədə ağır yaşayıram filmlərin təəssüratını! Sadəcə özümü aktyor oyunu kimi baxıb keçməyə məcbur edəndə artıq film dadı da qalmır.

Mənə bu cümlələri yazmağa vadar edən gözəl şairimiz Əlövsət Saldaşın Kəlbəcərə, evlərinə illər sonra getməsi oldu. O xaraba qalmış yurdları gördükcə özümü bir anlıq o qaçqın-köçkün düşən insanların yerinə qoymağa, o acı hissləri duymağa çalışıram. Amma yox, görürəm ürəyim o boyda ağrıları həzm etmək, çəkmək gücünə malik deyil...