Aida Adıgözəl : - Özümü axtarıram...

Ədəbiyyat 08:01 / 07.05.2024 Baxış sayı: 1735

Özümü axtarıram haçandı,

kimə rast gəlmişəmsə yerimi söyləsin.

Bəlkə qarşınıza çıxmışam,

hardasa görmüsünüz məni?

Bəlkə xatırlayarsız,

ağlayırdımmı,

gülürdümmü?

Bütün nəm-nişanım:

boyalı qısa saçlı, yorğun simalı,

altı kölgələnmiş gözləri,

bir az əsmər bənizli, bəstəboy,

tutqun baxışlı,

sifətindən dünyanın min illik kədəri yağan,

dodağında yalançı xoşbəxt təbəssüm,

dilindən yanan bağrının hövlündən şeir tökülən,

qucağında ölmüş arzularını bükdüyü bələk...

O qadın mənəm!

Görmüsünüzsə,

tanıyırsınızsa yerimi söyləyin.

Yazıqdı,

yağış yağır, ildırım çaxır,

çöllərdə qalmasın cəsədi.

Ruhunun gözü yoldadı,

aparım dəfn edim öz içində!

Yazıqdı axı,

qucağındakı bələkdə ağlayır, ağrayır arzuları...

Məni tapın mənə verin,

yalvarıram...

 

05.05.2024