Aida Adıgözəl - Düşüncələr...
Bir şərqi sənin üçün çalınmırsa... dinləməyəcəksən.
Döydüyün qapı üzünə açılmırsa, demək yad birinə gəlmişsindir.
Bir şeir qədər də olmadı ömür, istəyəndə yenisini yazasan.
Bir ürəklə yaşadıq, içinə minini sığdırdıq amma!
Keçmiş işıq sürətlə bizdən uzaqlaşırsa ona doğru qaçmağın nə anlamı var?!
"Məni tək qoyma" - deyənlərin içindəki boşluqda nə qədər tək buraxdıqlarının harayı, qışqırığı yatır bilsən.
Mən səni min dəfə oxudum, amma bir dəfə yazdım.
"Ürək bir dəfə sevir" - deyənlər, bu fikri yenisiylə əvəz etmək istəmədiyin sürəcə keçərlidir!
Bəzən sözlər ağrıları ifadə etmək üçün aciz qalır, musiqi isə bütün ağrıların yerini səssiz, sözsüz tapır!
Bütün yanlışlları bilərək, bilməyərək yaşayırıq... nəticəsi həyat təcrübəsi olduğuna görə peşman olma!
Yarpaqlar xəzələ dönür, çürüyür,
insan ölür,
su dayanmadan axır, yenilənir...təkcə torpaqdan başqa!
Bəlkə də bir cümlə ilə bitərdi ömrün anlamı... durğu işarələri olmasaydı!
Rollar uğurlu deyil, obrazları başarıyla oynayan aktyorlar vardır.
Hər güzgünün arxasında məchul bir qaranlıq gizlənmişdir.
İnanmaq şübhənin bitmədiyi, olmayacağı deyil,
bəzən verilən şans,
bəzən isə ovun düşəcəyi tələni məharətlə qurmaqdır.
Gözlə görülən doğrular qulağa çatan yalanlardan daha acı olur.
Bəzən hər axmaq və yaxud sadəlövh görünən sifətin altında ağıla gəlməyən qəddar bir kimlik gizlənir.
Elə möhkəm görünən həqiqətlər vardır ki
neçə mərtəbəli yalanın bünövrələri üzərində qurulmuşdur!
Bəzən doğru göründüyünə inandığın mənzərənin əslində tamaşa dekorları olduğunu anlayamazsan.
Aktyorlar səhnədə obrazları oynayar, tamaşaçılar da alqışlayar...
qazanan isə ssenari olar!
Bəzən aylarla içində daşıdığın cəsədlər torpağa, məzara gömülməz. Bəzi məzarlar qəlbdədir.
Realistlər əldə etməyi, xəyalpərəstlər isə arzulamağı seçərlər.
Bütün Apokalipsislərin nüvəsində susqunluğun atomları yerləşir.
Susduqca daha aydın eşidilən səslər var...
Unutmaq - bəzən qərardır, bəzən qaçışdır, bəzən qorxudur, bəzənsə sevdiyini gizlətmək üçün özünə danışdığın yalandır...
Yazmaq - bəzən mesajdır, bəzən arzudur, bəzənsə darıxmaqdır.
Məsafələrin nə önəmi var - eyni şeyi hiss edib, eyni şeyi düşünüb, eyni şeyi görürüksə...
Sevgidə bir tərəfin məğlubiyyətinin, digər tərəfin qalibiyyətinin tək səbəbi rəqibinin səndən hansısa üstün özəlliyi deyil, sadəcə keçmiş partnyorun pası digər tərəfə ötürməsidir!..
Hər uğursuz sevgi içimizdə bir ümidin ölməsi və birinə yenidən inanmağın məsumiyyətinin qatilidir.
Təcrübə mənəvi iztirabların finalıdır...
Hərdən susmağı, geri çəkilməyi bacaracaqsan, haqsız olduğun üçün deyil, həddini bilməyənlərdən ləyaqətini qorumaq üçün!
Ölənin arxasından gülümsəyəcəksən, halva sənin evində bişmədikcə şirin olduğu üçün deyil, köçənin səndə və başqalarında buraxdığı izlərin artıq xoş xatirə olduğunu anladığın üçün!
Səni anlamırlarsa üzülmə, hansı rakursdan baxsan nəticə dəyişməyəcək, çünki top yumrudur!
Səni ağılsız, axmaq hesab edirlərsə dərd etmə!
Bir gün ayaq saxla, geriyə bax, ardınca yürüyənləri say...
Kiməsə nəyisə sübut etməyə qalxma, hər kəs ayrıca fərddir, beyinlərsə müxtəlifdir. Kiminsə beynini idarə etməyə çalışmaq qul davranışı, manipulyasiya, beyin təcavüzüdür!
Kiməsə nə isə barədə açıqlama vermək məcburiyyətində deyilsən, çünki əsas şahid sənsən, o anda gərəkənin hansı addım olduğunu hamıdan daha yaxşı sən bilirsən!
Suçlu sayılmaqdan, hiss etdirilməkdən, böhtandan qorxma, çünki insanı özündən başqa kimsə yaxşı tanıya bilməz!
Cəmiyyətə açıq görünməkdən çəkinmə, onsuz da daxilindəki şeytan və mələkləri ən yaxşı sən tanıyırsan, səni hara çəkib aparacaqları yolu da tək özün bilirsən!
Kimlərisə özünə inandırmağa məcbur etmə! Sən sadəcə vicdan, ədalət, dürüstlük və adil səslərin olduğu yolla yürü!
Bütün ağrıları zamana burax!
Bir gün geridə bir sürü rənglərini xatırlamadığın atılmalı olan köhnə əşyaların olduğunu görəcəksən...
Ay günəşlə üz - üzə gəlmək istəmir gizlənirsə - tək səbəbi aşiq olmaqdan qorxmaqdır.
Planet kimisən - səni kəşf etmək bir dərd, adlandırmaq yüz dərd, uzaqdan seyr etməksə min dərd...