Ağamir Cavad - BÖYÜK RƏSSAM ŞÖHRƏTDİN SƏBZİYEVƏ

Ədəbiyyat 12:55 / 15.09.2025 Baxış sayı: 2795

 

Sənə ilham verib böyük Yaradan,

İlahi qüdrətdən güc alıb eşqin.

Hər daşa, torpağa rənglə verib can,

Çəkirsən şəklini saf məhəbbətin.

 

İlahi eşq ilə gəlirik dilə,

İnsanın çəkisi eşqlə gəlir tən.

Sənətin gücüylə, eşqin gücüylə

Şöhrət zirvəsini fəth eləmisən.

 

Bizimdir dünyanın sevinci, qəmi,

Dağların başında gözəllikdir ah.

Vallah rəssamlığı şairlik kimi

Sevdiyi bəndəyə bəxş edir Allah.

 

Yaratmaq eşqiylə yaşadın hər an,

Rəng-rəng çiçək açdı alnının təri.

İlahi sevgidən güc alıb fırçan,

Vəsf edir İlahi gözəllikləri.

 

Təbiət baş əyir eşqin önündə,

Hər rəngə, cizgiyə min məna qatdın.

Fırçanı işlətdin haqqın dinində,

İnsanı Tanrıtək gözəl yaratdın.

 

Gözəllik qəlblərdə od-ocaq çatır,

Sənətə seginin köklü dərində.

Hər rəng çalarında min hikmət yatır,

Min məna yükü var hər əsərində.

 

Xeyir gözəlliklə güc gəlir şərə,

Açdın eşqin ilə min bir düyünü.

Tanrı yaratdığı gözəlliklərə

Qatdın ürəyinin gözəlliyini.

 

Bağlandın sənətə könül varınla,

Verdin dəyərini xeyirin, şərin.

Gözəl hisslərinlə, duyğularınla

Artırdın sayını gözəlliklərin.

 

Sənətə baş əyir hər elm, hər din,

Bu yola bağladın könül varını.

 

Ruhundan od alan eşq ilə çəkdin

Müqəddəs sandığın kənd yollarını.

Çəkdin ürəklərə məhəbbət yolu,

Həmişə səs verdin haqqın səsinə.

 

Eşqlə qazandığın bu şöhrət yolu,

Qaldırdı adını haqq zirvəsinə.

 

Uca zirvələrlə verdin baş-başa,

Qoy qəlbin həmişə eşq ilə dolsun.

Həyatda gözəllik içində yaşa,

Məhəbbət daima həmdəmin olsun.