Ağamir Cavad : - AĞLA

Ədəbiyyat 22:07 / 28.08.2025 Baxış sayı: 2081

 

Tez-tez göy üzü kimi kövrələn, hər gün ürəyində yağışlar yağan, qələminin göz yaşları vərəqləri isladan bir şairə

Gözlərində bu nə nəmdir?

Qəm görməyən gözə ağla.

Hər göz yaşı bir aləmdir,

Düşüb məsum üzə, ağla.

 

İstəyirsən nura boyan,

Həqiqətə yoxdur həyan.

Öz yerində oturmayan

Bir naməhrəm sözə ağla.

 

Düşmən elə qurmuş duzaq,

Köç etmisən eldən uzaq.

Yurd yerində sönmüş ocaq,

Odu keçmiş közə ağla.

 

Bu torpağa nə səpirsən,

Daş üstə də bitir dən-dən.

Milyon illik tarixindən

Ayrı düşmüş izə ağla.

 

Torpağına sazaq düşmüş,

Taleyinə sınaq düşmüş.

Vətənindən uzaq düşmüş

Haqqa ağla, düzə ağla.