Ağaevli Ə/li Hacı : - İlahi ! Gücüm yox, ortaq olmağa...

Ədəbiyyat 11:44 / 28.08.2025 Baxış sayı: 1920

İlahi ! Gücüm yox, ortaq olmağa

Bu yer də,o göy də qoy,sənin olsun !

Arxamı söykədim daş divarlara,

Qoy,səndən inciyib,küsənin ölsün !

 

Dünya balacadı,hamı görünür

Görünür dağ kimin,düzlər kimindi !

Çarmıxlar İsasız yaşamır yenə,

Kərbəla hələ də susuz kimidi !

 

İçir qanımızdan su verən torpaq,

Göyün daş gəzdirir başımız üstdə !

Yenə,gün görməyən ocağımızda

Qurumuz altdadı,yaşımız üstdə !