Adilə Nəzər- Şeirlərimin sıxıcı olduğunu bilirəm, çünki...
Şeirlərimin sıxıcı olduğunu bilirəm, çünki çoxu "kasıb ədəbiyyatı"dır (bəlkə də ağrı-acını həqiqətən kasıblar yaşayır).
Həyatında qəfildən bir qırılma yaşayıb, sonra özünü tamamilə bir sənətə (və ya toplumun azadlığına) həsr edən insanlara həmişə həsəd aparmışam. Bilmirəm, özüm az da olsa o sənətə yaxınlaşa bilmişəmmi?
Özümü oxuduqdan sonra hər zaman qaranlıqda qalan, mənim üçün məchul qalan minlərlə qadının arasında bir qadının siması işıqlanıb sanki.
Mən şeir yazanda yazdığımı hara, kimə göndərəcəyimi bilmədən naməlum ünvana məktub kimi yazıram. Bunu kim oxuyacaq? Oxuyub nə deyəcək? Nə olursa olsun, bu sualların cavabını heç vaxt bilməyəcəm. (Feysbuk paylaşımlarının altına yazılan heç bir rəy o şeirdəki hiss və düşüncələrin cavabı və ya ən azından anlayış göstəricisi olmur)
Günümüzdə bəzi insanlar (xüsusilə yeni nəsil) həyatlarının macəra romanına çevrilməsini istəyirlər, çünki onlara qeyri-adi görünən macəralarının alçaldıcı olduğunu hiss etmirlər, çünki onlar özlərində olan ruhaniliyi dərk etmirlər, bioloji varlıq olaraq yaşayırlar. Bilmirlər ki, macəra ehtiraslarımızın ən kobud görüntüsüdür, “zəlzələ”yə tərəf gedişdir. Zəlzələ addım-addım yaxınlaşan gərilmələrin nəticəsidir.
Şeir isə… şeir ayrı aləmdir, orda insanın ruhani halı öndədir. Orda insan özünü bəzəmir, süni təbəssümlərlə gerçəkləri örtmür. (istisnalar var) Mənim şeirlərim niyə nikbin deyil? Bəzən məni bu sualla qınayanlar olur. Cavab verim, çünki bu, mənim reallığımdır – hər şey yaxşıdırmış kimi davranmaq, ruhun ağrısını susdurmaq mənə yalan gəlir. Mən şeirə özüm kimi baxıram – bəzən qaranlıq, bəzən yorğun, bəzən də səssiz bir fəryad kimi. (nadir hallarda nikbin də olur) Hisslərimin əlifbası əsasən ağrı-acıdan, tənhalıqdan və izah olunmayan duyğulardan qurulub. Ona görə də şeirlərim də belədir – heç kimə təsəlli verməsə də, kiminsə içindəki həqiqəti səsləndirir.
Nikbin yazmaq üçün xoşbəxt olmaq lazımdır. Mən isə bu xoşbəxtliyin, səadətin insanlardan deyil, Tanrıdan gələcəyinə inananlardanam. Bir işarə duysam, bəlkə o vaxt kasıb ədəbiyyatından çıxaram.