Adilə Nəzər - Hara baxıramsa səni görürəm
***
Hara baxıramsa səni görürəm,
Gözümün ağında, qarasındasan.
Mən yalan dünyanın ortasındayam,
Sən doğru dünyanın harasındasan?
Hayana aparıb küləklər səni,
Könül yaranı bir sarıyan varmı?
Nə olsun yaşatdı bu həyat məni,
Dərdi olan dağda vüqar olarmı?
Bir dünya qurmuşam xəyallarımda,
İçində biz varıq, bir də ki sevgi.
İtirəm cavabsız suallarında,
Niyə qırmızıdır sevginin rəngi?..
Qandımı, güldümü, bilmirəm, amma
Sənsiz bu dünya tək puça dönürəm.
Əlim qoynumdasa minarə sanma,
Qollarım açılı xaça dönürəm...
Gör necə dağıldı günlərin səfi...
Küləyə bağlıdır bulud uçuşu...
Sən ey qanadımın qırıq tərəfi,
Gizlən ürəyimdə, yaralı quşum.
05.11.2021