Adilə Nəzər -  EY ŞƏHİDLƏR AĞACI

Ədəbiyyat 22:25 / 15.09.2025 Baxış sayı: 2660

 

Ey Şəhidlər ağacı!

Neçə cavan asılıb sənin budaqlarından,

Neçə igid son məktub yazıb yarpaqlarına?..

O gizirin son sözü nə olub balasına,

Bəs o dörd aylıq əsgər,

nə vəsiyyət eləyib nakam nişanlısına?...

Ey Şəhidlər ağacı!

Bizə yuxarıdan bax,

Nə bəxtəvər ağacsan,

Səni neçə qəhrəman öz qanıyla suvarıb,

Səni neçə igidin mübarək ruhu sarıb...

Ey Şəhidlər ağacı!

Çağır, bu gecə barı, topla, dostlar görüşsün,

halallaşsın qardaşlar, narahat ruhlar gülsün.

Sən dəqiq bilirsənsə, dəvət elə ruhları,

biz itirmişik sayı,

qoy təntənəli keçsin Şəhidlər qurultayı...

Ey Şəhidlər ağacı!

De, bütün ruhlara ki,

hamı sizə duaçı, hamı sizə ağlayan,

gözlərdə yaş, ürəkdə ağrı-acı, qəm-sızı,

Sizi tanımayan da indi ağlayır sizi...

Ey Şəhidlər ağacı!

Analar nalə çəkir,

Atalar fəryad edir...

 

..Bir söz soruşum səndən,

qurban olum, düzün de...

Oğlunu tapmayanlar səndən xəbər alıbmı?...

başqa adlar asmağa boş budağın qalıbmı?...

Sən bütün ağaclardan fərqlənirsən – qeyrisən...

Sən qiyamət yerisən...

Ey Şəhidlər ağacı!

15.09.2022

* Bu şəkil çıxdı qarşıma, adı "Şəhid Ağacı" imiş. Çox təsirləndim. Şəhidlərimizin ruhu şad olsun.